Bolnisi şəhərində yolların abadlaşdırılması işləri davam etdirilir.
QafqazTürk.com xəbər verir ki, Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili, merin birinci müavini Buba Qobecişvili və Bolnisi Bələdiyyə Şurası sədrinin birinci müavini Giorgi Mirianaşvili Bolnisi şəhərində aparılan yol tikintisi işləri ilə tanış olublar.
Bu mərhələdə Müqəddəs Nino, Vaja-Pşavela, İliya Çavçavadze və Soxumi küçələrinin bir hissəsinə asfalt örtüyünün birinci qatının döşənməsi işləri aparılır. Qeyd olunan küçələrdə ümumilikdə 1664 metr uzunluğunda yol çəkiləcək. Layihə çərçivəsində Müqəddəs Nino küçəsində drenaj şəbəkəsi, İliya Çavçavadze və Soxumi küçələrində isə piyada səkiləri tikiləcək. İşlərə ümumilikdə 2 milyon 609 min 475 lari xərclənəcək.
Asfalt örtüyü ilə yanaşı, Akaki Cereteli, Anzor Oçxikidze, Sioni, 500 Bolneli küçələri və Suxumi küçəsinin bir hissəsinə səki daşları döşənəcək. 1200 metr əraziyə yerli bazalt döşənəcək. İşlərin ümumi dəyəri 2 milyon 483 min 176 lari təşkil edir.
Yol infrastrukturunun yaxşılaşdırılması yerli büdcənin və “Regionlarda həyata keçiriləcək layihələr fondu”nun birgə maliyyələşdirilməsi hesabına həyata keçirilir.