This is a specific ad

Bir az da poeziya… – İsa Sadiq

71

Another advertisement

Şeirimin adı…
Yazdığım bir şeir qəlb oxşamasa,
Onu çox gərəksiz bir şey sanaram.
İlhamım fikrimi tamamlamasa,
Səssiz alışaram, səssiz yanaram.

Əgər könlüm qədər olsaydı dilim,
Həyatda zərrəcə dərdim olmazdı.
Əgər fikrim qədər olsaydı dilim,
Qələmim kağızı qaralamazdı.

Neyləyim, ürəyim geniş olsa da,
Şeirdə, sənətdə qısadır dilim.
Ürək min bir sözlə alovlansa da,
Mənə düşmən olub mənim təsəllim.

Kim məni görməyə əgər can atsa,
Duysun hər şeirimdə od nəfəsimi.
Məni dinləməyin kim arzulasa,
Eşitsin şeirimdə mənim səsimi.

Bir nadan şeirdən söhbət eləsə,
Müşfiqdən, Caviddən qeymətə eləsə,
Özünü bir dahi xilqət eləsə,
Kəsilir nəfəsim, qəlbim ağrıyır.

Biri yağış desə çəməndə şehə,
Güclü tufan desə titrəyən mehə,
Qafiyə söyləsə odlu təşbehə,
Şeirə, sənətə,
Sözə, söhbətə,
Azalır həvəsim, qəlbim ağrıyır.

Bir yarpaq ağacdan vaxtsız düşəndə,
Soyuqdan bir qocatək büzüşəndə,
İki sevən ürək tez küsüşəndə,
Çıxmasa da səsim, qəlbim ağrıyır,
Şeirə, sənətə,
Sözə, söhbətə,
Azalır həvəsim, qəlbim ağrıyır.

Ürəkdə sağalmaz yaralarım var,
Necə ağır dərdi daşıyıram mən,
Qismətim beləymiş, nə etmək olar,
Ağrılar içində yaşayıram mən.

Şeirim ayaq tutsa, ayaq tutaram,
O birdən əyilsə, mən əyilərəm,
Şeirim büdrəyərək yıxılsa əgər,
Körpə uşaq kimi iməkləyərəm.

Şeirimə bilmirəm canımmı deyim,
Ürəkdən süzülən qanımmı deyim?
Ona saf əməlim, arzu-istəyim,
Yoxsa, riyadan çox-çox uzaq olan,
Vicdanımmı deyim, canımmı deyim?

10.01.1969

Deyiləm
Dünya başdan-başa cənnət olsa da,
Sənsiz ömrüm boyu gülən deyiləm.
Əlini əlimə almamış gülüm,
Yüz il yaşasam da, ölən deyiləm.

Bu şair ruhuma qan çilənsə də,
Qarşımı boran, qış, inan, kəssə də,
Başımın üstündə tufan əssə də,
Əbədi məşəltək sönən deyiləm.

Romantik olmuşam məhəbbətinlə,
Səninlə düşmüşəm ağıza, dilə,
Bu yolda gözlərim kor olsa belə,
Sadiqəm, əhdimdən dönən deyiləm.

1968

Dilim olsaydı
Mən ki, öz eşqimdən, məhəbbətimdən,
Heç zaman söz açıb lovğalanmadım.
Nə bir Məcnun kimi çöllərə düşdüm,
Nə də Kərəm kimi oda yanmadım.

Bəlkə də eşqimdə Fərhad olardım,
Qoçaqlıqda azca əlim olsaydı.
Sözdə alışardım, sözdə yanardım,
Səni görən zaman dilim olsaydı.

06.04.1969

Kateqoriya: Ədəbiyyat
Sonrakı yazı
30 noyabr – 3 dekabr tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ
Öncəki yazı
მარნეულში დურმიშხან მაღალაშვილის სახელობის ხიდი 20 დღით დაიკეტება