Tbilisi meriyası birinci mərhələdə 160 ədəd 18 metrlik avtobus almağı planlaşdırır. Bu barədə Tbilisi meri Kaxa Kaladze bələdiyyə hökumətinin bugünkü iclasında məlumat verib.
Onun sözlərinə görə, sözügedən dəyişikliyin məqsədi ictimai nəqliyyatda xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.
“Ən pis vəziyyətdə olan ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ən vacib prioritetdir. İllər əvvəl heç kim bu istiqamətdə düşünmürdü. Şəhər üçün vacib olan “Mani” markalı mavi rəngli avtobusları təkcə David Narmania gətirib. Paytaxtda sərnişin axını xeyli artır. Bunu nəzərə alaraq 18 metrlik avtobuslar almağa qərar verdik”, – deyə Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, Gürcüstan Dövlət Satınalmaları Agentliyi aprelin 27-də başa çatacaq bazar araşdırması elan edib.
“Birinci mərhələdə 160 avtobus alınacaq. Bazar araşdırmasının nəticələrinə görə, birləşdirilmiş tenderin elanı mayın əvvəlinə planlaşdırılır”, – deyə Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, avtobusların alınması üçün büdcə təxminən 245 milyon lari olacaq.
“İlkin hesablamaya görə, ƏDV daxil olmaqla 160 ədəd 18 metrlik avtobusun alınması üçün ümumi büdcə təxminən 245 milyon lari təşkil edəcək. Bu məbləğ bazar araşdırmasının nəticələrinə uyğun olaraq tənzimlənəcək. 2024-cü ildə mərhələli şəkildə 18 metrlik avtobusların verilməsi planlaşdırılır. İlk 50 ədəd gələn ilin aprelinə, qalanları isə 2024-cü ilin dördüncü rübündə bizə çatdırılacaq”, – deyə Kaxa Kaladze bildirib.