“Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir”.
QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə brifinqdə deyib.
“Bizim ticarət və iqtisadiyyat məsələləri barədə də söhbətimiz oldu. Biz enerji, nəqliyyat, logistika sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik. Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir və bu sahədə hər il ilk beşliyə daxil olur. Bu il ticarət dövriyyəsi 15% artıb. Keçən il də kifayət qədər rekord il oldu. Yükdaşımaların həcmi də artıb. Ümumiyyətlə, qeyd etmək istərdim ki, biz istər enerji, istər nəqliyyat, istər logistika, istərsə də hər hansı digər sahədə bütün məsələlərdə çox uğurla əməkdaşlıq edirik. Dəmir yollarımızda da uğurlu əməkdaşlığımız var”, – deyə Baş nazir bildirib.