Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.
QafqazTürk.com xəbər verir ki, yeni kabinetdə yeganə qadın nazir ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşdır.
1982-ci ildə Brüsseldə anadan olan Göktaş “Libre de Bruxelles” universitetinin iqtisadi, siyasi və sosial elmlər fakültəsində bakalavr və magistr təhsili alıb. O, 2009-cu ildə Avropanın ilk hicablı millət vəkili olaraq Brüssel parlamentinə seçilib.
Göktaş 2019-cu ilə qədər Brüssel parlamentinin Sosial Xidmətlər Komitəsinin sədr müavini və Qadın və Kişilər üçün Bərabər İmkanlar Komissiyasının sədr müavini vəzifələrində çalışıb.
Ayrı-seçkilik və islamofobiya ilə mübarizədə fəal rol alan Göktaş 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını qəbul etmədiyi üçün 2015-ci ildə partiyasından xaric edilib və müstəqil deputat kimi vəzifəsini davam etdirib.
Göktaş 2019-cu ildə Belçikadakı fəaliyyətinə görə Kral Leopold Dövlət Ordeni ilə təltif edilib. O, 2020-ci ildə Türkiyənin Əlcəzairdəki səfiri təyin edilib.
Fransız, ingilis və holland dillərini bilir. Evlidir və iki övladı var.