Bir az da poeziya… İsa Körpülü

53

Gəl sağollaşaq…
Qara xallarına, ay camalına,
Vurulub gedirəm, gəl sağollaşaq
Sənin məhəbbətin mənim canıma,
Od salıb gedirəm, gəl sağollaşaq

Qoyma taleyimi yerlə sürünə
Bağlayıb ömrümü sənin ömrünə
Sevgi ocaq deyil gözlə görünə,
Köz alıb gedirəm gəl sağollaşaq

Düşmək istəmirəm ayaqlarına
Nə qədər şeirim var sənin adına
Eşqin alovuna, eşqin oduna
Alışıb gedirəm gəl sağollaşaq

Gündüzlər nə qədər çiçək dərmişəm
Gecələr sən keçən yola sərmişəm
Mən öz ürəyimi sənə vermişəm
Ayrılıb gedirəm gəl sağollaşaq

İstər tac eliyib başında saxla
İstər bəbəyində, qaşında saxla
İstər gözlərinin yaşında saxla
Ucalıb gedirəm gəl sağollaşaq.

İsa didərgindi doğma elindən
Qoy fələk utansın öz əməlindən
İndi də, a gülüm, sevda əlindən
Baş alıb gedirəm gəl sağollaşaq!

Kəndimiz hər gecə yuxuma girir…
Sonun da bilinmir əzəlin kimi,
Dünya, vəfasızsan gözəlin kimi,
Təzəcə bəzənmiş bir gəlin kimi,
Kəndimiz hər gecə yuxuma girir.

Özü intizarda, gözü yoldadı,
Gözündən od tökür, qeylü-qaldadı,
Darıxıb, karıxıb, yaman haldadı,
Kəndimiz hər gecə yuxuma girir.

Qəbir də ağlayır, daş da ağlayır,
Nə vaxtdı dalaşmış baş da ağlayır,
Məzara tökülmüş yaş da ağlayır,
Kəndimiz hər gecə yuxuma girir.

Yoluna, izinə qara çəkilib,
Çiçəyi, çəməni dara çəkilib,
Bilmirəm yuxum da hara çəkilib,
Kəndimiz hər gecə yuxuma girir.

Qəlbi yaralıdı, canı xəstədi,
Neçə min dərdi var, dəstə-dəstədi,
Ay İsa, köçəcək, kənd yol üstədi,
Kəndimiz hər gecə yuxuma girir.

51
2
Kateqoriya: Ədəbiyyat
Sonrakı yazı
საგარეჯოდან გატაცებული 13 წლის გოგონა იპოვეს
Öncəki yazı
Gürcüstan Azərbaycanlıları Konqresi Tercolada baş vermiş faciə ilə əlaqədar BƏYANAT yayıb