Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 25-də Gürcüstana rəsmi səfər edib.
QafqazTürk.com xəbər verir ki, səfər çərçivəsində Mübariz Qurbanlı Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin (SARI) sədri Zaza Vaşakmadze ilə görüşüb.
Görüşdə iki ölkə arasındakı dini, mədəni və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
SARI-nın sədri Zaza Vaşakmadze deyib ki, bu gün Azərbaycan ilə Gürcüstan arasında əlaqələr bütün sahələrdə, o cümlədən dini sahədə uğurla inkişaf edir.
O, bu cür səfərlərin vacibliyini qeyd edib və M.Qurbanlının rəhbərliyi ilə geniş nümayəndə heyətinin səfərinin əlaqələrimizin inkişafına xidmət göstərəcəyini bildirib.
Öz növbəsində DQİDK sədri bildirib ki, Azərbaycan dövləti Gürcüstan ilə əlaqələrin bütün istiqamətlərdə inkişafına böyük önəm verir. Bu gün dini qurumlar arasında da əlaqələrin inkişafına və genişlənməsinə ehtiyac var. Düşünürük ki, qarşılıqlı səfərlər və aparılan müzakirələr bu sahədə də əlaqələrin inkişafında mühüm rol oynayır. Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda iki idarə arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib.