Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi iyunun 27-də Belarusun hərbi aerodromlarından birinə eniş edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə “Belarus Gayun” monitorinq qrupu məlumat verib.
“Yevgeni Priqojinin biznes-jeti (RA-02795 qeydiyyat nömrəli) saat 07:40-da (Bakı vaxtı ilə 08:40 – red.) Minsk yaxınlığındakı “Maçulişi” hərbi aerodromuna eniş edib”, – deyə qeyd edilib.
Məlumata görə, 18 dəqiqə sonra Rusiyadan daha bir biznes-jet enib.
“RA-02878 dövlət nömrə nişanlı “BAe 125-800B” biznes-jeti Sankt-Peterburqdan havaya qalxıb və saat 07:58-də (Bakı vaxtı ilə 08:58 – red.) “Maçulişi” hərbi aerodromuna enib”, – deyə “Belarus Gayun” əlavə edib.
Qeyd edək ki, ötən gün Yevgeni Priqojinin Belarusda olduğuna dair xəbərlər yayılıb.
“BRIEF” “Telegram” kanalının məlumatına görə, Priqojin Minskdə “Green City” otelində görüntülənib. Otellə əlaqə saxlanılsa da, Priqojin haqqında hər hansı məlumat əldə etmək mümkün olmayıb.
“Qonaqlar haqqında məlumat məxfidir, o, burada olsa da, sizə belə bir məlumat verə bilməzdik”, – deyə oteldən bildirilib.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidmətindən də belə bir məlumata sahib olmadıqları deyilib.
Qeyd edək ki, Belarusda “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin yerləşəcəyi düşərgələr yaradılır.