Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Məclisinin sessiyasında çıxış edib.
Şalva Papuaşvilinin çıxışında qeyd edib ki, Prezident Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında aparıcı rol oynamış ümummilli lider idi.
“Bu gün burada olmaq və Azərbaycanın dövlət xadimi və tarixi şəxsiyyət, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsini və irsini ehtiramla yad etmək mənim üçün böyük şərəfdir. İnsan öz hərəkətlərinə görə qiymətləndirilir. Prezident Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında aparıcı rol oynamış ümummilli lider idi. Azərbaycanın müstəqilliyinin ilk ağır illərindən sonra cənab Əliyev Azərbaycan xalqının milli ruhunu yüksəltdi, gücləndirdi, milli oyanışı təmin etdi və milli dövlətçiliyin möhkəm təməlini qoydu. Müxtəlif istiqamətlərdə səmərəli siyasət həyata keçirməklə ölkəni güclü, sabit və uğurlu dövlətə çevirdi. Nəticə etibarı ilə Prezident Heydər Əliyev dünyada ən vacib şeyi, yəni öz xalqının ürəyini qazana bildi”– deyə Şalva Papuaşvili qeyd edib.
O bildirib ki, Prezident Heydər Əliyev Qafqaz regionunda sülhün və sabitliyin sadiq tərəfdarı olub. Onun Gürcüstanla Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində mühüm rolu ölkələr arasında tarixi dostluğu möhkəm strateji tərəfdaşlığa çevirdi.
“Əsası Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri və Prezident Əliyevin görkəmli liderliyi ilə qoyulan enerji tranzit marşrutları böyük strateji baxışın möhtəşəm nümunəsidir. Prezident Əliyev və onun müasir gürcü və türk liderləri imkansızı mümkün etdi. Köhnə ticarət yollarını tədricən bərpa edən və bu gün Avropa ilə Asiya arasında əsas əlaqəni təşkil edən belə uzaqgörən layihələrin əhəmiyyətini çox az adam təsəvvür edə bilərdi. Beləliklə, məhz Prezident Heydər Əliyevin müdrik qərarları sayəsində planlaşdırılan böyük layihələrdən danışmaq mümkündür.
Tarixi dövlət xadimi və görkəmli siyasətçi Heydər Əliyev beynəlxalq aləmdə tanınmış, uzaqgörən və hörmətli lider adını qazanmışdır. O, zamanın sınağından çıxmış və gələcək nəsillər üçün örnək olacaq bir miras qoyub. Bu zəngin irsə əsaslanaraq, Azərbaycanın gələcək inkişafını, Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasını təşviq etmək vacibdir.
Bu əlamətdar və tarixi gündə mən Azərbaycan xalqına sülh, uğurlar və firavanlıq arzulayıram. Parlamentlərimiz, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli əlaqələri daha da gücləndirməyə hazırıq”- deyə Şalva Papuaşvili açıqlayıb.