Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatlar 20 ildən artıq evli qalan cütlüklərə ödəniş verilməsini nəzərdə tutan qanun layihəsi hazırlayırlar.
QafqazTürk.com xəbər verir ki, layihəyə əsasən, bu ödəniş bütün ölkə üzrə dəstək tədbirləri çərçivəsində verilə bilər.
Bu barədə təşəbbüsü irəli sürənlərdən biri, Liberal Demokratlar fraksiyasının rəhbər müavini Yaroslav Nilov məlumat verib.
O xatırladıb ki, artıq bir neçə rayonda belə cütlüklərə dəstək üçün müxtəlif tədbirlər tətbiq olunub. “İnanırıq ki, mövcud vəziyyəti nəzərə alaraq, analara və uşaqlara kömək edildiyi kimi, ailə institutunun da dəstəklənməsi önəmlidir”, – deyə Nilov qeyd edib.
“Əgər insanlar 20 ildən artıq nikahdadırlarsa, regional əmsallar istisna olmaqla, ər-arvadın hər birinə ayrı-ayrılıqda 20 min rubl ödəyək. Və bunu hər beş ildən bir təkrar edək”, – deyə o əlavə edib.
Nilovun sözlərinə görə, fraksiya bu qanun layihəsini partiyanın yaradıcısı Vladimir Jirinovskiyə həsr etmək istəyir. Belə ki, onun ilk və yeganə evliliyi bütün çətinliklərə baxmayaraq, uzun onilliklər davam edib.