“Bizim güc strukturlarımız kimliyindən asılı olmayaraq heç kimə icazə verməyəcək ki, ölkədə çaxnaşma yaratsın”.
Bu fikri Qafqaztürkün Gürcüstan bürosuna xarici siyasət elmlər doktoru, politoloq Malxaz Qulaşvili deyib.
Politoloq bildirib ki, hakimiyyət dəyişikliyi yalnız seçki yolu ilə baş tuta bilər:
“Gürcü xalqı heç bir güc yolu ilə hakimiyyət dəyişikliyinə imkan verməz. Seçki yolu ilə isə müxalifətin heç bir şansı yoxdur. Müxalifət də bunu bilir. Onun üçün seçkidən sonra səs-küy salıb ölkədə çaxnaşma yaratmaq üçün çalışır. Amma müxalifətin heç bir məkrli planı baş tutmayacaq”.
M. Qulaşvili qeyd edib ki, gürcü xalqını arxalarınca aparmaq üçün hazırkı vəziyyətdə müxalifətin heç bir gücü və resursu yoxdur:
“2024-cü il seçkiləri isə bu USAİD kimi təşkilat üçün son olacaq. Çünki, seçkilərdən sonra onlar istəklərinə çatmayıb öz mövcudluğunu itirəcəklər”.
Politoloq bildirib ki, ABŞ təşkilatı USAİD-kimi heç kimə boş yerə heç nə vermir:
“Bu yaxında 3 serb vətəndaşının Tbilisiyə dəvət etmişdilər ki, dinc yolla hakimiyyət dəyişikliyi edilsin. Onların əlbəttə Gürcüstanla bağlı mühüm bir planı var. Yoxsa ki, yerli hakimiyyəti devirmək üçün niyə nümayəndələr göndərsinlər. Bu olanlar və böyük miqdarda maliyyə axını da Gürcüstan hakimiyyətində böyük şübhələr yaratdı. Buna görə də Gürcüstan təhlükəsizlik xidməti məsələni araşdırmağa başlayıb və ortaya da faktlar qoyub. Hər kəsi də təəccübləndirən bu oldu ki, bizim strateji tərəfdaşımız olan ABŞ bizə qarşı hərəkət edib”, – deyə politoloq vurğulayıb.
Malxaz Qulaşvilinin sözlərinə görə, Gürcüstan hakimiyyəti çox doğru yoldadır:
“Qafqazda sülhün olması üçün çalışır. Buna da heç kim mane ola bilməyəcək”.
O bildirib ki, Gürcüstan hakimiyyəti hazırda çox güclüdür:
“Qərbin Gürcüstan hakimiyyəti ilə bağlı düşüncələri isə olduqca yanlışdır. Onlar düşünürlər ki, indiki Gürcüstan Şevardnadzenin zamanındakı Gürcüstandır. Çünki, Şevarnadzenin zamanında güc strukturları zəif, bölünmüş vəziyyətdə idi. Amma indi Gürcüstan təhlükəsizlik xidməti, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyinin hazırlıq səviyyəsi çox yüksəkdir. Onlar Gürcüstanın təhlükəsizliyini qoruyurlar. İstər ölkə xaricində, istərsə də ölkənin daxilində olan bütün prosesləri çox ciddi nəzarətdə saxlayırlar. Düşünürəm ki, Gürcüstanın tarixində güc strukturları indiki kimi hazırlıqlı olmayıblar”.