“Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndi şəhərində, Ağdərədə, Xocalıda dövlət bayrağını ucaltması Gürcüstanda yaşayan azərbaycanlıların ürəyindəki nisgilə, intizara son qoydu, ürəyimizdəki yaraya məlhəm oldu. Onun çıxışından bir daha aydın oldu ki, Xocalı soyqırımını, Malıbəyli, Meşəli, Qaradağlı və digər qətliamları törədənlər cəzasız qalmayacaq.
Şəhidlərimizin, günahsız insanların qanı yerdə qalmadı, onların qisası layiqincə alındı“.
QafqazTürk.com xəbər verir ki, bu sözləri Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov AzərTac-a müsahibəsində deyib.
H.Yusubov deyib:
“Düşünürəm ki, Prezidenti İlham Əliyevin Xankəndiyə prezidentliyinin 20-ci ildönümündə – oktyabrın 15-də səfər etməsi də təsadüfi deyildi. Prezident İlham Əliyev bununla xalqla birliyini, eləcə də dünya miqyaslı siyasi dövlət xadimi, Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiqliyini nümayiş etdirdi”.
GAK sədrinin sözlərinə görə, Prezident İlham Əliyev 20 il ərzində Azərbaycan iqtisadiyyatını inkişaf etdirdi, ölkənin dünya dövlətləri sırasında mövqeyini möhkəmləndirdi. Müstəqil dövlətin rəşadətli, güclü ordusunu yaratdı və bunun uğurlu nəticəsi olaraq 30 ilə yaxın işğal altında olan torpaqları azad etdi. Bütün bunlar Prezident İlham Əliyevin praqmatik, uzaqgörən və layiqli dövlət başçısı olduğunu sübut etdi.
“Tarixdə xalqı, milləti üçün şanlı tarix yazan liderlər az olur. Prezident İlham Əliyev xalqı üçün şanlı tarix yazan liderlərdən biridir”, – deyə, H.Yusubov vurğulayıb.