Sentyabrın 26-da İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasında “Güney Azərbaycan İnsan Haqları Cəmiyyəti – ƏRK” avqust ayı ərzində Güney Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hesabatını təqdim edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə sosial şəbəkə kanalında məlumat yayılıb.
Sözügedən hesabat təşkilatın nümayəndəsi Ayda Əqdəmi tərəfindən təqdim edilib və hesabatda ötən ay ərzində güneyli fəallara qarşı basqılar barədə məlumat verilib.
Hesabatda bildirilib ki, bir ay ərzində 500 güneyli fəalın həbsi, təhdid edilməsi, məhkəməyə çağırılması və bir sıra başqa təzyiqlər təsdiqini tapıb.
Bundan əlavə, Güney Azərbaycanın bir sıra şəhərlərində 350 tələbənin universitetlərin İntizam Komitəsinə çağırılaraq hədələndikləri, 180 tələbənin də təhsildən məhrum edilməsi faktı öz əksini tapıb.