“Ukraynaya qarşı müharibədə Rusiyaya kömək edənlər bunun əvəzini ağır ödəyəcəklər”.
QafqazTürk.com xəbər verir ki, bu barədə Yaponiyanın Karuidzava şəhərində keçirilən görüşün yekunlarına dair kommünikedə deyilir.
G7 xarici işlər nazirləri bununla bağlı xəbərdarlıq ediblər.
İki gün davam edən danışıqlardan sonra dünyanın yeddi ölkəsindən olan diplomatlar bəyan ediblər ki, Rusiyaya sanksiyalardan yayınmağa kömək edənlər və silah dəstəyi göstərənlər bunun nəticəsini görəcəklər.
“Biz üçüncü tərəflərə Rusiyaya müharibədə dəstəyi dayandırmaq barədə çağırışımızı təsdiq edirik. Ya da onlar bunun əvəzini ödəməlidirlər. Biz üçüncü tərəflərin Rusiyaya silah ötürməsinin qarşısını almaq və buna cavab reaksiyası vermək üçün koordinasiyamızı gücləndirəcəyik. Həmçinin Rusiyanı maddi cəhətdən dəstəkləyənlərə qarşı da tədbirlər görməyə davam edəcəyik”, – deyə kommünikedə qeyd olunub.
Nazirlər əlavə ediblər ki, Rusiyanın məsuliyyətsiz nüvə ritorikası və Belarusda nüvə silahı yerləşdirmək vədi qəbuledilməzdir.