Zoxran Məmdani tarix yazdı – Nyu-Yorkun ilk müsəlman və ən gənc meri seçildi – ƏTRAFLI

87

ABŞ-da keçirilən Nyu-York meri seçkilərində Demokrat Partiyasının namizədi Zoxran Məmdani qalib gəlib.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı ABŞ mediası yayır. Məlumatda qeyd edilir ki, 34 yaşlı siyasətçi son yüz ildən artıq müddətdə şəhərin ən gənc meri, həmçinin ilk müsəlman və Afrika mənşəli (Uqandada doğulmuş) şəxs olub.  O, ABŞ-ın ən böyük şəhərinə və biznes mərkəzinə rəhbərlik edəcək.

ABŞ Seçki Komissiyasının məlumatına əsasən, bu il keçirilən mer seçkilərində təxminən iki milyon seçici iştirak edib. Bu, 1969-cu ildən bəri ən yüksək seçici fəallığıdır.

Məmdaninin rəqibləri müstəqil namizəd və Nyu-Yorkun sabiq qubernatoru Endryu Kuomo, eləcə də Respublikaçı Kertis Sliva olub. Kuomo artıq Məmdanini qələbə münasibətilə təbrik edib.

Seçkilərin nəticələrinə  prezident Donald Tramp da münasibət bildirib. O, Respublikaçıların məğlubiyyətini hökumətin fəaliyyətsizliyinə və büdcə böhranına, həmçinin bülletenlərdə öz adının olmamasına bağlayıb.

Siyasi ekspertlər hesab edirlər ki, 4 noyabr seçkiləri Tramp administrasiyası üçün Ağ Evə ikinci dəfə qayıtdıqdan sonra ilk ciddi sınaq idi. Qeyd olunur ki, Tramp seçkilər ərəfəsində açıq şəkildə tərəfdarlarını Slivaya səs verməməyə və əvəzində demokrat Kuomonu dəstəkləməyə çağırırdı. O, Məmdanini “kommunist” adlandırır və onun qələbəsi halında Nyu-Yorkun federal maliyyələşməsini məhdudlaşdıracağı ilə hədələyirdi.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
Qotur necə müalicə olunur və Gürcüstanda vəziyyət necədir? – NCDC tövsiyəsi
Öncəki yazı
XÜSUSİ ƏMƏLİYYAT: Qabal kəndindən “Oğru aləmi” ilə əlaqəsi olan 34 nəfər saxlanılıb – ƏTRAFLI