Zəvvarlarımızdan xəbərlər

1

Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Gürcüstanda yaşayan müsəlman icması Məkkə şəhərinə Ümrə ziyarətinə gediblər.

Bu barədə müfti Etibar Eminov QafqazTürk.com xəbər portalına müsahibəsində bildirib.

“Buraya heç gəlməmiş olan insanlara Allah bu torpaqlara gəlməyi qismət eləsin. Əvvəllər bu torpaqlara gəlmiş insanlara isə Allah yenə bu torpaqlara ayaq basmağı nəsib etsin.
Mən buraya ilk dəfədir ki, gəlirəm və bir şeyi yaxşı başa düşdüm ki, kitabdan oxumaqla, buraları canlı görməyin arasında çox böyük fərqlər var. Ümrə ziyarətinə gəlişim barədəki təəssüratlarımı ifadə etmək üçün söz tapmaq həqiqətən çox çətindir. Mən 30 illik hocalıq həyatımda ilk dəfə gəldim bu torpaqlara. Buraya gələndə elə hiss edirsən ki, elə bil buralar sənin ata-baba yurdundur. Bu, çox gözəl hissdir. Allah Təala müqəddəs kitabımız olan Quran-i Kərimdə buyurur ki, Həcci, Ümrəyi ziyarət edin, çünki orada böyük hikmətlər, təfəkkür eləyən insanlar üçün görə biləcəkləri çox misallar vardır. Məsələn, bilirsiniz ki, bütün insanlıq Adəm və Həvvadan törəyib ki, bu da ilk dəfə bu torpaqlardan başlayıb. Deməli bura bütün insanların baba yurdu sayılır və insanlar buraya gələndə buranın baba yurdu olduğunu hiss edir. Hiss edirsən ki, sən buraya yad deyilsən. Ruhunda belə bir canlanma olur. Buraya gələndə özünü milyardlarla müsəlmanın bir hissəsi olduğunu hiss edirsən. Bu isə insanda fəxr hissi yaradır. Bununla yanaşı, burada bir çox kasıb dövlətlərdən gəlmiş insanları da görə bilirsiniz. Onlar məhsullarını satıb buraya gəlir. Onları da görəndə özünə sual verirsən ki, mənim imkanım varsa, mən niyə buralara gəlməyim? Biz niyə dinimizə bu qədər isti yanaşmırıq? Məkkə və Mədinə dinimizin mərkəzi, qəlbidir. Allah bütün müsəlmanlara o torpaqları görməyi, bu hissi yaşamağı nəsib etsin İnşAllah”, – deyə Etibar Eminov müsahibəsində bildirib.

0
0
Kateqoriya: Din
Sonrakı yazı
Paşinyan sabah Ərdoğanın andiçmə mərasimində iştirak edəcək
Öncəki yazı
Türkiyənin silah ixracı 2 milyard dolları keçdi