Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığı apardığını bildirib. Zelenski bu barədə sosial şəbəkə platforması X-də paylaşım edib.
“ABŞ Prezidenti Donald Trampla danışdım. Çox yaxşı söhbət oldu. Ukraynaya verdiyiniz dəstəyə, qətllərə son qoymaq və ədalətli sülhün bərqərar olması üçün birgə işləməyə hazır olduğunuza görə təşəkkür edirəm”, – deyə Zelenski yazıb.
Ukrayna lideri əlavə edib ki, Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşünün təfərrüatlarını da onunla bölüşüb.
“Prezidentlə birlikdə xalqın Rusiyanın hücumlarından daha yaxşı müdafiəsini təmin etmək və mövqelərimizi gücləndirmək üçün lazımi vasitə və həll yollarını müzakirə etdik. Biz sülhə nail olmaq üçün mümkün qədər məhsuldar işləməyə hazırıq”, – deyə Zelenski qeyd edib.