Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Avropa İttifaqı Şurasının iclasında iştirak edib. Sammitdə Aİ liderləri Ukraynaya dəstəyin gücləndirilməsi və Rusiyaya təzyiqin artırılması yollarını müzakirə ediblər.
Toplantıdan əvvəl Zelenski Avropa Şurasının Prezidenti Antonio Koştayla görüşüb. Görüşdə o, Rusiyanın intensiv hücumları fonunda Ukraynanın humanitar ehtiyacları və sülhün bərqərar olunması istiqamətində atılan addımlar barədə məlumat verib.
Sammitdə çıxışı zamanı Zelenski Aİ ölkələrinə müraciət edərək süni blokadanın aradan qaldırılmasını və Ukraynanın üzvlük danışıqlarının klasterlərinin açılmasını tələb edib.
“Ukrayna klasterlərin vaxtında açılması üçün lazım olan hər şeyi edib. Blokada süni xarakter daşıyır və biz irəliləmək üçün yol tapmalıyıq. Sizə çağırış edirəm, Aİ öz vədini yerinə yetirsin, çünki Ukrayna öz öhdəliklərini yerinə yetirir,” – deyə Zelenski bildirib.
Prezident əlavə edib ki, Avropa İttifaqının genişlənməsi qitədə sabitliyin, ümumi müdafiənin və geosiyasi təhlükəsizliyin güclənməsi deməkdir.
Zelenski həmçinin qeyd edib ki, Tomahawk tipli qanadlı raketlər müharibənin gedişatını dəyişə biləcək silahdır:
“Baxın, bu mövzu gündəmə gələndə Putin necə narahat oldu. O, anlayır ki, uzaqmənzilli silahlar müharibənin istiqamətini dəyişə bilər,” – deyə Zelenski vurğulayıb.
