Yusif Yusiflinin 95 illik yubileyi qeyd edilib – FOTO

49

Böyük Muğanlı məktəbində görkəmli maarif xadimi, təcrübəli pedaqoq, istedadlı şair-publisist, yazıçı və ədəbiyyatşünas Yusif Yusiflinin 95 illik yubileyi qeyd edilib.

QafqazTürk.com xəbər verir ki, tədbirdə kənd ziyalıları, ağsaqqallar, məktəbin müəllim/müəllimə kollektivi və şagirdlər iştirak ediblər.

Tədbirdə qonaqlar Yusif Yusifli haqqında xoş xatirələrini bölüşüblər, şeirlər səsələndirilib.

Yusif Yusiflinin həyatı barədə qısa məlumat:

Yusif Musa oğlu Yusifli 1928-ci il may ayının 14-də Böyük Muğanlı kəndində anadan olub.

Yusif Yusifli 1949-cu il sentyabrın birini həyatının ən xoşbəxt anı sanır, çünki ilk dəfə həmin gün əlində jurnal VI sinfə daxil olub müəllimliyə başlayıb. Altmış illik pedaqoji fəaliyyətinin bütün illərini eyni enerji, eyni həvəs, eyni ruh yüksəkliyi ilə işləyibdir. Yusif müəllim 1952-1961-ci illərdə Böyük Muğanlı orta məktəbində direktor müavini, 1961-2005-ci illərdə həmin məktəbin direktoru, 2005-2009-cu illərdə özünün şəxsi vəsaiti hesabına məktəbdə yaratdığı ,,Azərbaycan Gürcüstan xalqlarının dostluq”, ,,Tarix-etnoqrafiya”, ,,Ədəbiyyat”, ,,Yusif Yusifli” müzeylərinin direktoru işləmişdir.

İki dəfə ,,Şərəf” ordeni ilə, Gürcüstan MK-nin, Təhsil Nazirliyinin, Quberniya və Rayon rəhbərlərinin Fəxri Fərmanları ilə, Fəxri Diplomlarla, medallarla təltif edilmişdir. O, iki dəfə müəllimlərin respublika qurultayına nümayəndə seçilmişdir. 1990-2005-ci illərdə Marneuli Ağsaqqallar Şurasının sədri kimi apardığı genişmiqyaslı ictimai-siyasi mahiyyət kəsb edən işləri onun həyat və fəaliyyətinin ən parlaq səhifələrindəndir.

Yusif Yusifli ədəbiyyat tariximizə 25 kitab bəxş etmişdir: ,,Borçalıdan ucalan səs”, ,,İki ürək”, ,,Ömrün narahat anları”, ,,Cüt ürək”(gürcü dilində, ,,Fəryad”, ,,Dədə Yusif və Gülərüz”, ,,Ötən günlər”, ,,Sönməz ocaq”, ,,Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi”nin I cild, ,,Ədəbiyyat tarixi”nin II cildi, ,,Ədəbiyyat tarixi”nin III cildi, ,,Maestro Niyazi”, ,,Şəmsi Əlizadə”, ,,Dünyamalı Kərəm”, ,,İsə Sadiq”, ,,Həsən Məcruh və Abbas Kirəcli, Aysəba Əlizadə” monoqrafiyaları, 5 Cildlik əsərlərin I cildi, ,,Dədə Yusif Dastanı”, ,,Yusif Yusifli-90″, ,,Yusif Musaoğlunun poemaları”, ,,Qədəmlərin mübarək doxsanbir yaşım”, ,,Mənim poetik dünyam”, ,,Yusif Yusiflinin həyat və yaradıcılığı” kitabları işıq üzü görmüşdür

Vətən təəssüblü, Borçalının sadiq övladı, özünə ucadan da uca bir ömür yolu açmış Yusif Yusifli cismən aramızda olmasa da, qəlbən həmişə yaddaşlarda yaşayacaq, yad ediləcəkdir.

0
0
Sonrakı yazı
Kaladze: “Ailə Müqəddəsliyi Gününüzü təbrik edirəm, ailələrimizə sülh və firavanlıq arzulayıram!”
Öncəki yazı
Ağır yük maşınlarında işləyən sürücülərin NƏZƏRİNƏ!