“2024-cü il gürcü idmançılarının və digər sahələrin nümayəndələrinin qələbələri ilə seçildi, buna görə də Yeni ilin şüarı “Qələbələrlə dolu şəhər!” olacaq”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze sosial şəbəkədə yayımlanan videomüraciətində bildirib.
Kaladzenin sözlərinə görə, cari il qələbə sevinci ilə seçilib.
“Cari il tanınmış idmançılarımızın Gürcüstana və paytaxtımıza gətirdikləri qələbə sevinci ilə seçildi.
Biz Tbilisi küçələrində kütləvi şənlik gördük – futbolçularımızın, olimpiyaçılarımızın, paralimpiyaçılarımızın, iki UFC çempionunun qələbələri, müxtəlif idman növləri üzrə tarixi nəticələr. Sadəcə idmanda uğur qazanmadıq, həmçinin bu yaxınlarda balaca Andria Putkaradze Gürcüstanı sevindirdi və ona Junior Eurovision Mahnı Müsabiqəsində qalib ölkə statusu gətirdi.
Ümid edək ki, gələn il Gürcüstan üçün daha çox qələbələrin müjdəcisi olacaq. Yeni il mesajımız məhz bu olacaq – “Qələbələrlə dolu şəhər!”. Bu şüarın ideyası biz çoxlu qələbələrin şahidi olanda ortaya çıxdı”, – deyə Kaxa Kaladze vurğulayıb.