Azərbaycanda rusdilli məktəblərim bağlanacağı, rus dilinin isə ümumiyyətlə məktəb proqramından çıxarılacağı barədə iddialar var.
Bu barədə Azərbaycan KİV-i məlumat yayıb.
Qeyd edilir ki, WhatsApp qruplarında bu barədə şagirdlərin valideynlərinə bildirişlər daxil olur. Onların sözlərinə görə, təşəbbüs Azərbaycanda Azərbaycan dilinin rolunu daha da gücləndirmək məqsədi daşıyır.
Məlumat üçün bildirək ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb.
Xatırladaq ki, İyunun 27-dən Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda keçirdiyi reydlərdən sonra Azərbaycanla Rusiya arasında münasibətlər gərginləşib. Reydlər zamanı Rusiya 50-dən çox Azərbaycan əsilli şəxsi saxlayıb. Onlardan ikisi saxlanma zamanı dünyasını dəyişib, ikisi isə ağır yaralanıb. Rəsmi Bakı Rusiyanın dövlət və özəl qurumlarının Azərbaycanda planlaşdırdığı bütün birgə tədbirləri ləğv edib, Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Azərbaycan polisi Bakıda Rusiya hökumətinin təbliğat-təşviqat media orqanı olan Sputnik Azərbaycan xidmətinin ofisində xüsusi əməliyyat keçirib və bir neçə nəfəri saxlayıb. Bunun ardınca Azərbaycanın Moskvadakı səfiri çağırılıb. Daha sonra Rusiyadakı yerli Azərbaycan diasporunun rəhbəri də saxlanılıb, o, sonradan sərbəst buraxılıb.