Polis “Oğrular aləmi” ilə əlaqəsi olan 34 nəfəri saxlayıb.
Qafqaztürk Media xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır. Məlumata görə, saxlanılanlardan biri – Mirzə Əliyev tutularkən atəş açıb və yerindəcə zərərsizləşdirilib.
Nazirliyin açıqlamasında qeyd olunur ki, beş cinayət işi üzrə aparılan genişmiqyaslı əməliyyatların nəticəsində “oğrular aləminə üzvlük”, “ oğrular aləminin fəaliyyətinə dəstək” və “oğru aləminə üzvlük üçün müraciət” ittihamı ilə 34 nəfər saxlanılıb. Daha 7 nəfərə – o cümlədən iki məhbus, xaricdə yaşayan dörd nəfər və bir “oğru aləminin üzvünə” ittiham qiyabi qaydada elan edilib.
Əməliyyat zamanı Lаqоdexi rayonunun Qabal kəndində 1973-cü il təvəllüdlü Mirzə Əliyev xüsusi təyinatlı polis əməkdaşlarına qarşı intensiv atəş açıb. Hadisə nəticəsində xüsusi təyinatlılardan biri sinə nahiyəsindən ağır yaralanıb. Polis cavab atəşi açıb və Mirzə Əliyev yerindəcə zərərsizləşdirilib.
Əməliyyat Mərkəzi Kriminal Polis, Tbilisi, Kaxeti, Mtsxeta-Mtianeti və Xüsusi Tapşırıqlar Departamentlərinin əməkdaşları tərəfindən ölkə üzrə eyni vaxtda keçirilib. Qeyd edək ki, cinayət işi 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bir neçə ay davam edən gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, saxlanılan “oğrular aləminin” üzvləri və onların tərəfdarları vətəndaşlar arasında yaranan maliyyə mübahisələrinin həllinə müdaxilə edir, xaricdə yaşayan “qanuni oğrular”la əlaqə saxlayır və onlardan tapşırıqlar alırdılar.
Bundan əlavə, onların iştirakı ilə “oğrular aləmi”nin sözdə məhkəmələri – yəni “kriminal razborkalar” təşkil edilirdi, qaydaları pozanlardan cəza pulu tələb olunur və öldürməklə hədələnirdilər. Bu cinayətkar fəaliyyətlərdə kriminal avtoritet Elmuraz Məmmədovun da fəal rolu müəyyən edilib.
Polisin keçirdiyi axtarışlar zamanı şübhəlilərin yaşayış evlərindən və şəxsi əşyalarından kompüter avadanlıqları, mobil telefonlar, narkotik vasitələr, odlu silahlar və böyük məbləğdə pul götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223⁴-cü maddəsinin birinci hissəsi, 223³-cü maddənin ikinci hissəsi, 223¹-ci maddənin birinci və ikinci hissələri, eləcə də 109 və 181-ci maddələr üzrə aparılır.
Eyni əməliyyat çərçivəsində Tbilisi Polis Departamentinin əməkdaşları David Mikadzenin mühafizə rəisi David Çubinidzeni də saxlayıblar. Ona qarşı istintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin altıncı və 237-ci maddəsinin üçüncü hissələri ilə aparılır.
İstintaq müəyyən edib ki, 2021-ci ilin sentyabrında David Çubinidze və David Mikadze əvvəlcədən razılaşaraq, Vaxtanq Kobişvilinin adına qeydiyyatda olan beş odlu silaha qanunsuz sahib olublar və həmin silahlardan birini üçüncü şəxsə qanunsuz şəkildə satıblar.
Bu cinayət işi çərçivəsində David Mikadzenin mühafizə rəisi David Çubinidze saxlanılıb, David Mikadzeyə isə ittiham qiyabi qaydada irəli sürülüb, – Daxili İşlər Nazirliyi bildirib.
