Bu gün sentyabrın 27-də Marneulidəki “Azərbaycan Evi”ndə 27 Sentyabr – Anım Gününə həsr edilmiş “Xatirəniz əbədi, adınız ölməzdir” mövzusunda tədbir keçirilib.
QafqazTürk Media xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Azərbaycan Evi”nin icraçı direktoru Məhəbbət İmanov tədbir iştirakçılarını həlak olanların əziz xatirələrini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi. O, bir dəqiqəlik sükutdan sonra Azərbaycanın suverenliyi və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanlar haqqında xülasə şəklində danışdı, o dövrün mənzərəsini bir daha gözlər önünə sərdi.
Sonra söz Azərbaycan Respublikasının ölkəmizdəki səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmova verildi. Cavid müəllim Gürcüstandakı soydaşlarımızın Qarabağ savaşlarının ilk günlərindən ta 24 saatlıq Antiterror əməliyyatıına qədər Azərbaycanla həmrəy olduğunu və igid oğullarının da Qarabağ uğrunda qəhrəmancasına döyüşdüklərini, şəhid ailələrinin üzvləri önündə baş əydiyini bildirdi.
Çıxış edənlərdən Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Marneulinin Bələdiyyə Məclisinin sədr müavini Rövşən İskəndərov, şəhid ailəsinin yaxın qohumu Şahlar Məmmədov və başqaları qəhrəman və fədakar şəhidlərin adlarının əbədiləşdirilməsi yönündə görülən işlərdən razı qaldıqlarını, şəhidlərin xatirələrinin ölməz olduğunu qeyd etdilər.
Tədbirin sonunda şəhidlərin əziz xatirələri üçün ehsan süfrəsi verildi.