Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişvilinin veto qoymasından sonra hakimiyyətin beynəlxalq tərəfdaşların köməyi ilə xarici agentlər haqqında qanun layihəsinə dəyişiklik edə biləcəyini istisna etməyib.
QafqazTürk.com xəbər verir ki, bunu Kobaxidze jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.
“Məndə belə təəssürat yaranıb ki, hazırda xarici agentlər haqqında qanunun müddəaları ilə bağlı müzakirələrə hazırlıq var. Mən tərəfdaşlarımıza izah etdim ki, veto prosedurları çərçivəsində biz mövqelərimizi müqayisə edə bilərik”, – Kobaxidze bildirib.
Hökumət başçısı əlavə edib ki, əgər prezident konkret qanun layihəsinə veto qoysa, o da öz əsaslandırılmış şərhlərini parlamentə göndərməli olacaq.
Onun sözlərinə görə, xarici agentlər haqqında qanun layihəsi ilə bağlı şərhlər elə formalaşdırıla bilər ki, hakimiyyət onlara baxsın və lazım gələrsə, onları dəstəkləsin.
Qeyd edək ki, mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib.
Zurabişvili, müxalifət və Qərb diplomatları qanunun əleyhinə çıxış edərək, onu guya ölkənin Avropa İttifaqına inteqrasiyasına maneə hesab ediblər.
Dövlət Departamenti qanun layihəsinin ölkənin “vətəndaş cəmiyyətini sarsıtmaq məqsədi” daşıdığını bildirib.
Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının liderləri isə bildiriblər ki, qanun, yalnız qeyri-hökumət sektorunun və medianın xaricdən maliyyələşməsinin şəffaflığına xidmət edir. Zurabişvili bildirib ki, qanun layihəsi hər üç oxunuşda qəbul olunarsa, ona veto qoyacaq.