Vladimir Putin və İlham Əliyev Tacikistanda “Azal” təyyarəsinin qəzasını müzakirə ediblər
Tacikistanda keçirilən görüş zamanı Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev “Azal” aviaşirkətinə məxsus təyyarənin qəzası ilə bağlı müzakirə aparıblar.
QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Vladimir Putin bildirib ki, belə faciəvi hallarda Rusiya zərərçəkənlərə təzminat ödənilməsi üçün lazım olan bütün addımları atacaq.
Onun sözlərinə görə, Rusiyanın müdafiə sistemləri tərəfindən atılan iki raket təyyarəyə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb.
“Biz bu faciənin səbəblərini diqqətlə araşdıracağıq. Hadisə bir neçə amillə bağlı ola bilər. Əvvəla, hadisə zamanı səmada Ukraynaya məxsus pilotsuz uçuş aparatları mövcud idi. Biz üç PUA-nı müşahidə etmişdik. Böyük ehtimalla təyyarə raketlərlə deyil, partlayış nəticəsində yaranan dağıntılarla zədələnib,” – Rusiya prezidenti qeyd edib.
Qeyd edək ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus mülki təyyarə Qazaxıstan ərazisində qəzaya uğramışdı.