Rusiya Prezidenti Vladimir Putin Avropada adi silahlı qüvvələr haqqında müqaviləni denonsasiya (Denonsasiya – beynəlxalq müqaviləni imzalayan dövlətlərdən birinin digərinə fəaliyyətinin birtərəfli qaydada dayandırması haqqında bəyanat verməs) edilməsi qanunu imzalayıb.
QafqazTürk APA-ya istinadən xəbər verir ki, mayın 16-da Dövlət Duması, 24-də isə Federasiya Şurası tərəfindən Avropada adi silahlı qüvvələr haqqında müqavilənin denonsasiya edilməsi barədə qəbul olunan qanunu imzalayıb.
Qeyd edək ki, mayın 10-da Rusiya Prezidenti Vladimir Putin Rusiya Avropada adi silahlı qüvvələr haqqında müqaviləni denonsasiya edilməsinə dair sərəncam imzalayıb.
Sərəncamda Putin xarici işlər nazirinin müavini Sergey Ryabkovu parlamentdə özünün məlum müqavilənin ləğv edilməsi ilə bağlı nümayəndəsi təyin edib.
Xatırladaq ki, Avropada adi silahlı qüvvələr haqqında müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanıb.
Avropada adi silahlı qüvvələr haqqında müqavilə nədir?
Avropada adi silahlı qüvvələr haqqında Müqavilə (AASQHM) — Avropada adi silahların məhdudlaşdırılması müqaviləsidir.
“Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında” müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanmış və 1992-ci il noyabrın 9-da qüvvəyə minmişdir. Postsovet məkanı ölkələri arasında Rusiya bu anlaşmanı 1992-ci ildə ratifikasiya etsə də, müqaviləyə əməl etməmişdir. 2007-ci ilin aprelin 26-da isə Moskva AASMM-dəki iştirakına və bu müqavilənin şərtlərinə əməl olunmasına birtərəfli moratorium tətbiq etmişdir.
Latviya, Litva və Estoniya isə ümumiyyətlə, AASMM-ə (Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında) qoşulmayacaqlarını bəyan etdilər.
AASMM-in şərtlərinə görə, Atlantik Okeanından tutmuş, Ural dağları və Xəzər dənizi sahillərinədək sənədi imzalamış üzv dövlətlərin silahlı qüvvələrində 40 min tank, 60 min zirehli maşın, 40 min artrilleriya mərmisi (100 mm və daha böyük çaplı), 13600 döyüş təyyarəsi və 4 min döyüş vertolyotu ola bilər.
Sənəd üzv dövlətlərin silahlı qüvvələrindəki hərbi texnika və silahların sayını məhdudlaşdırmaqla yanaşı, sayı artıq olan texnikanın azaldılma mexanizmlərini də göstərirdi.
Azərbaycan AASMM-i imzaladı və proses ratifikasiya mərhələsinə qədər yüksəldi. Lakin Dağlıq Qarabağ münaqişəsi və ərazilərinin bir hissəsinin erməni işğalında olması ilə əlaqədar rəsmi Bakı müdafiə potensialı ilə bahəm, döyüş hazırlığı səviyyəsini sürəkli olaraq yüksək səviyyədə saxlamaq məcburiyyətində qaldığından, bununla bağlı üzv dövlətlərə, sonra da NATO-ya dəfələrlə müraciət etmişdir.