This is a specific ad

Ustadları anaq- “Borçalı bülbülü” Xındı Məmməd…

265

Another advertisement

Aşıq Xındı Məmməd 1896-cı ildə Borçalıda – Marneuli bələdiyyəsinin Qaş Muğanlı (Böyük-Muğanlı) kəndində anadan olmuşdur. Məmməd Gülabı oğlu çətin uşaqlıq dövrü keçirmişdir. Lap körpəlikdən çox məlahətli bir səsə malik olduğunu duyan dayısı Hüseyn Qoca oğlu onu 1914-cü ildə məşhur el şairi, gözəl söz xiridarı şair Qaçağan Ağacanın yanına gətirib ona şagird vermişdir.

Gənc Məmməd bir müddət Ağacanın yanında qalır, şeir-sənət dünyasının sirlərinə dərindən bələd olur, aşıq yaradıcılığını mənimsəyir.

Tale sonra Məmməd Gülabı oğlunu o zamanlar Borçalıda məşhur aşıq kimi tanınan Bəyazidli Məsimlə qoşalaşdırır və bu da onun nadir ifaçı kimi püxtələşməsində əvəzsiz rol oynayır. Qeyri-adi zil, məlahətli səsə malik olan Məmməd aşıq sənətinə dərindən yiyələnib, Borçalının ustad aşığı kimi formalaşır və sonralar “Xındı Məmməd” təxəllüsü ilə gözəl aşıq şeirləri yazmağa başlayır, sazı-sözü ilə böyük şöhrət qazanır.

Xındı Məmməd çox gözəl dastan danışan, ifaçı sənətkar, hazırcavab, bağlama və qaravəllilərin gözəl bilicisi kimi əvəzsiz bir aşıq olmuşdur.

Ustadlardan dərs ala-ala Xındı Məmməd özü sonralar geniş yaradıcılıq yoluna qədəm qoymuş, divani, təcnis, gəraylı, müxəmməs kimi aşıq şeir üslubunda xeyli əsər yazmışdır. O bir çox ustad aşıqların şeirlərinə nəzirələr yazmış, neçə-neçə ustadlarla deyişmişdir.

Dövrün mükəmməl, tanınmış el şairləri və aşıqları Şair Ağacan, Şair Nəbi, Bəyazidli Məsim, Təhləli Novruz və bir çox başqaları ilə şeirləşmişdir.

Hələ 1930-cu illərdə bu “Borçalı bülbülü”nə də qara yaxaraq pantürkist damğası vurmuşlar. Buna görə də o bir müddət Tbilisidə Metexi qalasında yatmışdır.

Böyük Vətən müharibəsi (1941-1945) başlayanda Xındı Məmməd də cəbhəyə getmişdir.

Müharibədən evə sağ-salamat dönən Xındı Məmməd öz gözəl sənətini davam etdirmişdir. Bu sənətdə ustadlıq zirvəsinə çatan aşığın Borçalıda xeyli məşhur şagirdi vardır. Onlardan Aşıq Məhəmməd Sadaxlı, Aşıq Allahyar Gorarxı, Aşıq Ziyəddin Keşəli, Aşıq Seyfi Qaş Muğanlı və başqaları bu gün Borçalının ən ünlü sənətçilərindəndir. Bu şagirdlərin arasında ustadın oğlu Gülabı Xındı Məmmədə layiq davamçı olmuşdur.

Ustad aşığın yazdığı şeirlər rayon və respublika mətbuatında çap olunmuşdur. Onun şeirlərinin tam külliyyatı Bakıda “Borçalı” nəşriyyatinda Müşfiq Çobanlı tərəfindən “Meydanda mərdi-mərdanə” adı altında dərc edilmişdir. Qədirbilən Borçalı camaatı və sazsevərləri Xındı Məmmədin 1986-cı ildə 90, 1996-cı ildə 100 illiyini böyük bayram şənliyinə çevirdilər.

Xındı Məmməd 1968-ci il 28 avqustda vəfat etmişdir. Qəbri doğma yurdu Qaş Muğanlıdadır.

 

XINDI MƏMMƏDİN

Sənət dünyasında,söz dünyasında,
Yolu var izi var , Xındı Məmmədin.
Əyriynən işi yox,düz dünyasında,
Deməyə sözü var, Xındı Məmmədin.

Şöhrətə aldanıb ,vara uymadı,
Elsiz keçən ömrü, günü saymadı.
Eşidənlər laylasından doymadı,
Şirin avazı var, Xındı Məmmədin.

Gah Koroğlu oldu, gah yanıq Kərəm,
Aləmlər içində, yaratdı aləm.
Buta köksündə saz ,əlində qələm,
Tarixdə özü var, Xındı Məmmədin!

Müəllif: Səadət Buta

 

Sonrakı yazı
Ukrayna PUA vurmaq üçün raketlər istehsal edəcək
Öncəki yazı
GAK sədri Hüseyn Yusubov seçki günü Qızılhacılı seçki məntəqəsində fiziki təmas zamanı xəsarət alan siyasətçilərlə görüşdü- FOTO