Rusiyanın Ukraynaya genişmiqyaslı işğal hücumundan artıq 3 il keçir. 2022-ci il fevralın 24-də sübh çağı Rusiya Prezidenti Vladimir Putin “xüsusi hərbi əməliyyata” başlamağı əmr etdi və Rusiya qüvvələri Ukrayna ərazisinə daxil oldular.
CNN yazır ki, tammiqyaslı işğala başlayarkən Vladimir Putin bir neçə gün ərzində bütün Ukraynanı ələ keçirəcəyini gözləyirdi, lakin əvəzində Ukraynanın əks-hücumları sayəsində döyüşlər üç ildir ki, davam edir. Müharibə başlayanda Ukrayna öz qoşunlarını paytaxt Kiyev yaxınlığında dayandırdı, daha sonra şimal-şərqi Xarkov və cənub Xerson vilayətlərində qələbələr qazandı. Lakin Donetsk və Baxmut ətrafındakı şərq ərazilərində böyük itkilər verib.
CNN Müharibənin Öyrənilməsi İnstitutunun məlumatlarına istinadən xəbər verir ki, 2022-ci il işğalından sonra Ukrayna ərazisinin təxminən 11%-nə, 2014-cü ildə münaqişə başlayandan isə ümumilikdə təxminən 18%-nə nəzarəti itirib.Üç il ərzində milyonlarla ukraynalı müharibə səbəbindən evlərini tərk edərək ölkənin digər bölgələrinə və ya başqa ölkələrə köçüb.
BMT-nin İnsan Haqları İdarəsinin məlumatına görə, Ukraynadakı münaqişə zamanı 40 mindən çox dinc sakin həlak olub və ya yaralanıb. Ölənlər arasında 669 uşaq var. Lakin ölkə ərazilərinin bir hissəsi işğal altında qaldığından həlak olan mülki əhalinin dəqiq sayını müəyyən etmək mümkün deyil.
Ukrayna prezidenti Vladimir Zelenski bir neçə gün əvvəl Ukraynanın Rusiya Federasiyası ilə müharibədə 46 mindən çox hərbçi itirdiyini, daha 380 min əsgərin yaralandığını, on minlərlə hərbçinin itkin düşdüyünü bildirib.
Bundan əlavə, Ukrayna Baş Qərargahıından əldə olunan məlumata görə, Rusiya Ukrayna ilə müharibədə 867 mindən çox hərbçi itirib.