Ukrayna Rusiya ilə danışıqların təfərrüatlarını açıqlayıb

70

Ukraynanın xarici işlər nazirinin müavini Serqey Kislitsa Türkiyənin İstanbul şəhərində keçirilən Rusiya ilə danışıqların təfərrüatlarını açıqlayıb.

O, bunu “Biz Ukraynayıq” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi atəşkəs məsələsini “qəti şəkildə qəbuledilməz” hesab edərək, bununla bağlı danışıqlar aparmaq istəməyib. Ukrayna rəsmisi həmçinin vurğulayıb ki, Rusiya nümayəndə heyəti ərazilərin qondarma DXR, LXR, Zaporijye və Xerson vilayətlərinə “verilməsini” tələb edib, sabah Moskvanın “altı və ya səkkiz” rayon tələb edəcəyi ilə hədələyib, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə Ukraynadakı müharibəni “ruslarla biraz fərqliliyi olan ruslar arasında müəyyən qarşıdurma” adlandırıb.

“Əslində Rusiya sizin bir millət olaraq varlığınızı inkar edir. Üzünüzə deyirlər: sən ukraynalı deyilsən, russan”, – Kislitsya Medinskinin sözlərinə belə münasibət bildirib.

Xatırladaq ki, mayın 16-da İstanbulda Moskva və Kiyev nümayəndə heyətlərinin son üç ildə ilk ikitərəfli görüşü baş tutub. Danışıqların yekununa əsasən tərəflər “1000-ə 1000” formuluna əsasən məhbusların dəyişdirilməsi barədə razılığa gəliblər. Bundan əlavə, Rusiya və Ukrayna atəşkəslə bağlı fikirlərini ətraflı təqdim edəcəklərini və danışıqlar prosesinin davamını vəd ediblər.

Sonrakı yazı
Rusiya Ukrayna ilə görüş üçün yenə İstanbulu seçdi
Öncəki yazı
Bolnisidə 9 körpünün tikinti və bərpasına 6 milyon lari vəsait ayrılıb