Ukrayna mediası Vaşinqtonda imzalanmış sənədi nəzərdən keçirdikdən sonra ABŞ və Ukrayna arasında nadir torpaq metalları üzrə imzalanan sazişin 57 növ mineral və ABŞ-ın hərbi yardımını əhatə etdiyini bildirir.
Ukrayna mətbuatının yazdığına görə, ABŞ və Ukrayna hökumətləri arasında imzalanmış “ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondunun yaradılması” haqqında saziş siyasi parametrləri, xüsusən də mineral ehtiyatların işlənilməsi, faydalı qazıntıların satışı və Ukraynanın gələcəkdə alacağı Amerika yardımı, o cümlədən hərbi yardım sahəsində əməkdaşlığı müəyyən edir.
Mətbuatda yayılan məlumatlara görə, indiki mərhələdə imzalanmağa hazır olmayan “texniki müqavilə”də siyasi əhəmiyyət kəsb edənlər də daxil olmaqla, bir çox detallar yer alacaq.
Müqaviləyə əsasən, sənəddə hasilatı nəzərdə tutan faydalı qazıntıların siyahısı tərəflər arasında məsləhətləşmələr nəticəsində genişləndirilə bilər. Bundan əlavə, saziş digər növ faydalı qazıntıların hasilatını və onlardan əldə edilən gəlirləri tənzimləmir, həmçinin Ukrayna infrastrukturundan əldə edilən gəlirlərə şamil edilmir.
“Əgər [ABŞ hökuməti] Ukrayna hökumətinə hər hansı yeni hərbi yardım göstərsə (o cümlədən, silah sistemləri, döyüş sursatı, texnologiya və ya təlimlərin ötürülməsi yolu ilə), ABŞ-ın fonda töhfəsi bu cür hərbi yardımın təxmini dəyəri qədər artacaq”, – sazişdə deyilir.
Xatırladaq ki, Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko və ABŞ-ın maliyyə naziri Skot Besant Vaşinqtonda “ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondunun yaradılması haqqında Saziş”i imzalayacaqlar. Sənədin imzalanmasından sonra Ukraynanın İqtisadiyyat naziri razılaşmanın Ukraynaya qlobal sərmayələri cəlb etmək məqsədi daşıdığını, Skott Besant isə fondun yaradılmasının “Rusiyaya Tramp administrasiyasının uzunmüddətli perspektivdə azad, suveren və firavan Ukraynaya yönəlmiş sülh prosesinə sadiq olduğunu göstərir” deyib.