Ucuz yuyucu tozları ARİEL, PERSİL və digər markaların məhsulu kimi satmağa cəhd edən 3 nəfər saxlanılıb.
QafqazTürk xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.
Məlumata görə, qurumun əməkdaşları qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmtəə nişanından qanunsuz istifadə etmə faktı üzrə 3 nəfəri saxlayıblar.
“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi səmərə əldə etmək məqsədilə Kvemo Kartli bölgəsindəki yaşayış evlərində OMO, AMO, SAVEKS, BİNQO PERSİL, ARİEL, ABC, TAYD markalı yuyucu vasitələtin ticarət nişanlarından qeyri-qanuni istifadə yolu ilə ucuz paltaryuyan tozları qablaşdıraraq satmağa cəhd ediblər”, – deyə Maliyyə Nazirliyinin istintaq xidmətindən bildirilib.
Qurumun məlumatına görə əməliyyat-axtarış tədbirləri nəticəsində satış üçün hazırlanmış, bazar dəyəri 44 min laridən çox olan 1386 ədəd müxtəlif ölçülü saxta yuyucu vasitələr müsadirə edilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 196-cı maddəsinin 3-cü hissəsi ilə aparılır.