Türkiyənin antik Hasankeyf şəhərində Qədim Roma dövrünə aid 1600 il yaşı olan hərbi istehkam aşkar edilib.
QafqazTürk Media bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən istehkam Mardinin Artuklu Universitetinin arxeoloqları tərəfindən aparılan qazıntı işləri zamanı tapılıb.
Məlumata əsasən, Hasankeyf qalası Dəclə çayının sahilindən təxminən 135 metr yüksəklikdə möhkəm qaya kütləsi üzərində inşa edilib. Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Hasankeyfdə qazıntılar ilk dəfə 1980-ci illərdə onun gizli tarixini üzə çıxarmaq məqsədi ilə başlayıb. Qala təxminən 300 il davam edən Bizans hakimiyyəti dövründə dini funksiyaya malik idi. Sonralar Əməvilər, Abbasilər, Həmdanilər, Mərvanilər, Artuklar, Əyyubilər və Osmanlılar tərəfindən fəth edilib.
Qazıntı işləri nəticəsində tapılan 1600 il əvvələ, Roma imperatoru II Konstantinin dövrünə aid hərbi istehkamın qalıqları göstərir ki, bu tikili qədimdə romalı legionerlərinin sığınacaq yeri olub.
Qeyd edək ki, Mardindəki bu arxeoloji kəşflə bağlı materiallar dünyanın bir çox elmi nəşrində dərc olunub.