ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını bildirib. O, bu barədə Ağ Evdə dünyanın ən böyük İT şirkətlərinin rəhbərləri ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Trampdan Ukrayna prezidenti Vladimir Zelenski ilə son telefon danışığından sonra yaxın gələcəkdə Vladimir Putinlə də əlaqə saxlayıb-saxlamayacağı soruşulub.
“Bəli, danışacağam. Çox yaxşı dialoqumuz var. Mən yeddi müharibəni həll etmişəm”, – Tramp vurğulayıb.
ABŞ prezidenti həmçinin qeyd edib ki, əvvəlcə Rusiya–Ukrayna müharibəsinin həllini daha asan görsə də, prosesin gözləniləndən çətin olduğu ortaya çıxıb.
“Putinlə və Ukrayna ilə münasibətlərimdən ötrü münaqişənin həlli daha asan olacaq zənn edirdim. Amma bir az daha çətin olduğu ortaya çıxdı”, – Tramp deyib.