Novruz bayramının ən təntənəli mərasimləri axırıncı çərşənbədə keçirilir.
Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. “Torpaq çərşənbəsi” hesab olunan sonuncu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi qeyd edilir. Xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə”, “Çərşənbə-suri” adları ilə də tanınır.
Torpaq ünsürü insan yaradılışının əsasını təşkil edir. Torpaq həm türk mifologiyasından, həm də milli-mənəvi dəyərlərimizdən qaynaqlanaraq, müqəddəs hesab olunur. Hələ qədim dövrlərdən bəri insanın ən böyük andı torpaqla bağlı idi: “Torpaq haqqı” deyən sözün düzünü söylərdi. “Torpaqdan pay olmaz”, “Torpaq deyir: səndən hərəkət, məndən bərəkət”, “Torpaqla əlləşən ac qalmaz”.
Evin bərəkətli olması üçün əcdadlarımızın həyata keçirdiyi rituallardan biri Axır çərşənbədə un çuvallarının ağzını açıq qoymaqdır. Ev sahibinin heç kimlə danışmadan əllərini una batıraraq divarlara sürtməsi, bayıra çıxıb ağacların kötüyünü balta ilə yüngülcə vuraraq “oyan, payını götür” deməsi bu ayinin əsas tərkib hissələrindəndir. Əcdadlarımız inanmışlar ki, bu cür edilərsə, yeni ildə qış yuxusundan oyanmış ağacların bəhəri gen-bol olacaqdır. Heç bar verməyən ağacları isə “kəsəcəyəm” deyə balta ilə hədələyir və bu zaman kənarda durmuş bir adam “kəsmə, bu ağac yaxşı bar verəcək, zaminəm” deyirmiş.
İlaxır çərşənbənin ən maraqlı adətlərindən biri, sevən oğlanların sevdiyi qızlara sevgilərini etiraf etmək üçün bacadan şal sallamasıdır. Ucuna balaca dəsmal bağlanmış şal bacadan sallanar, evin böyükləri yaylığı açıb şalı qızın qoluna bağlayarlarsa, bu, razılıq əlaməti demək idi. Əgər razı deyillərsə, həmin dəsmala şirniyyat qoyub onu geri qaytararlarmış.
İlaxır çərşənbədə subay qızlar fala baxar, qismətlərinin necə, həyat yoldaşlarının kim olacağını, neçə yaşında ərə gedəcəklərini öyrənərmişlər. Bu fallar su, şam, üzük, iynə və başqa əşyalarla icra olunur. Məsələn, gənc qızlar yanan şamı suya tərəf əyir və neçə yaşı varsa, o qədər damcıladır. Alınacaq hərf gələcək həyat yoldaşının adının baş hərfi ilə eyniləşdirilir. İnanca görə, gənc qızlar duzlu kökə yeyib və ya on alma toxumunu başının altına qoyub qismətlərindəki gələcək həyat yoldaşını yuxuda görürlər. Axır çərşənbə axşamı qız ayağının sağ başmağını burub qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üz üstə, qapıya tərəf düşsə, həmin il o qızın nişanlanacağına işarədir.
İlaxır çərşənbədə küsülülər barışmalı, hamı təzə paltar geyməli, xoş sözlər danışmalıdır. Bu çərşənbədə niyyət tutub qulaq falına çıxar, eşitdikləri sözlə niyyətlərini yozarlar.
İlaxır çərşənbələrlə bağlı adət-ənənələr tarixən çox qədim və zəngin olmuş, lakin tədricən, zaman keçdikcə müasirləşən həyatın təsiri ilə unudulmuş, bəziləri isə başqa bir forma almışdır.
İlaxır çərşənbəniz mübarək!
Evimizdən ruzi-bərəkət, hüzur, sağlamlıq və xoşbəxtlik əskilməsin!