Gürcüstan Texniki Universitetinin rektoru Davit Qurgenidze “Gürcüstan Universiteti”nə qarşı Baş Prokurorluğa şikayət təqdim edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Davit Qurgenidze jurnalistlərə müsahibəsində bildirib. O, prokurorluqdan universitetin binalarından birinin keçmiş prezident Mixail Saakaşvilinin ailə üzvünə necə verildiyini araşdırmağı xahiş edib.
Qurgenidzenin sözlərinə görə, istintaq zamanı Saakaşvilinin anası Giuli Alasaniyaya məxsus əmlaka həbs qoyulmalı və həmin əmlak Texniki Universitetə qaytarılmalıdır.
“Əvvəlki hakimiyyət dövründə Gürcüstan Texniki Universitetinin əmlakının böyük hissəsi faktiki olaraq keçmiş prezidentin ailəsinin nəzarətinə keçib. Orada cinayət tərkibli hərəkətlərə dair əsaslı şübhələr var. Buna görə də mən və universitetin elmi, həmçinin nümayəndə şuraları məsələni müzakirə edib Baş Prokurorluğa müraciət etdik. Bu əmlak universitetin tarixi mülkiyyətidir və təxminən 22 min kvadratmetr ərazini əhatə edir”, – deyə Qurgenidze bildirib.
O qeyd edib ki, araşdırma Saakaşvilinin dövlət əmlakını ailə üzvünə “simvolik qiymətə” verib-verməməsi məsələsini aydınlaşdırmalıdır.
“Fakt budur ki, bu ərazi müharibə dövründə və sonrakı illərdə qanunsuz şəkildə zəbt olunub. Zərərin miqdarı müəyyən edilməli, prokurorluq ekspertiza aparmalıdır”, – Qurgenidze əlavə edib.