Tbilisinin 10 saylı ümumtəhsil məktəbinin şagirdlərinin valideynləri Gürcüstan Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçiriblər.
Valideynlərin bildirdiyinə görə, 10 saylı məktəb artıq 6 ildir tikilir və uşaqlar hazırda 22 saylı məktəbdə təhsil alırlar. Nazirlik qarşısında aksiya uşaqların 22 saylı məktəbdən başqa məktəbə köçürüləcəyi məlum olduqdan sonra keçirilib. Valideynlərin sözlərinə görə, bu, ikinci növbədə təhsil almağa keçid deməkdir və bir sıra problemlərə, eləcə də uşaqların rejiminin dəyişməsinə səbəb olacaq.
Valideynlər bildirirlər ki, 22 saylı məktəbdən uşaqların köçürülməsi məsələsi, məktəbin bir korpusunun dördüncü mərtəbəsində divar hissəsinin uçması ilə gündəmə gəlib. Hazırda bu korpusda dərs prosesinin təhlükəsiz olub-olmamasını müəyyən etmək üçün Ekspertiza Bürosu araşdırma aparmalıdır.
Eyni gün valideynlər və nazirlik nümayəndələri arasında ünsiyyət baş tutub. Valideynlər nazirlik tərəfindən “uşaqların rejiminin dəyişdirilməməsi” tələbini nəzərə alacaqları barədə vəd alıblar.
Valideynlərin sözlərinə görə, nazirlik şənbə gününə qədər müddətə malikdir, tələb yerinə yetirilməzsə isə uşaqları məktəbə göndərməyəcəklər.
“10 saylı məktəb artıq 6 ildir dağılıb və tikilmir. Hazırda yalnız 2 mərtəbəsi tikilib, buna görə də müxtəlif məktəblərə köçürülürük. Bu, Azərbaycanda yeganə məktəbdir ki, iki dəfə fərqli məktəblərə köçürülüb. İndi direktor bizə elan etdi ki, bazar ertəsi günü bizi başqa məktəbə köçürəcəklər və ikinci növbədə oxuyacağıq. Bu, qəbulolunmazdır, uşaqların hüquqları pozulur. Uşaqlar dərnəklərə gedir, hazırlıq görür və biz bu rejimi dəyişə bilmirik.
Gəldik və söhbət etdik. Nazirlik bizə söz verdi ki, uşaqlarımızın hüquqları qorunacaq. Məktəbin tikintisi ilə bağlı hər hansı proqnoz verə bilmirlər. Bizə dedilər ki, uşaqların tələbini nəzərə alacaqlar, rejim dəyişdirilməməlidir və uşaqların hüquqları pozulmamalıdır. Bizə təklif etdilər ki, icarəyə götürülə biləcək sahə ayırsınlar ki, bütün məktəbi ora yerləşdirə bilək və onların aktiv addımlarını gözləyirik. Digər halda, uşaqları məktəbə göndərməyəcəyik, tətil elan edəcəyik və dərs prosesi baş tutmayacaq. Başqa çıxış yolumuz yoxdur,” – valideynlərdən biri “Interpressnews”a bildirib.
Mənbə “Interpressnews”
