Tbilisidə əslən Gürcüstandan olan hərbçi  Vəli bəy Yadigarova həsr olunmuş sənədli filmin təqdimatı keçirilib

109

Tbilisidə əslən Gürcüstandan olan hərbçi  Vəli bəy Yadigarova həsr olunmuş sənədli filmin təqdimatı keçirilib.

QafqazTürk Media xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və səfirliyin nümayəndə heyəti, Gürcüstan Azərbaycanlıları Konqresinin nümayəndələri, müxtəlif bölgələrdən dəvət olunmuş ziyalılar və gənclər iştirak ediblər.

Azərbaycan Mədəniyyət Nazirliyi və “Salnamə” sənədli filmlər studiyasının birgə təşkil etdiyi tədbir Diasporla İş üzrə Dövlət Komitəsi, SOCAR-ın Gürcüstan nümayəndəliyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, tədbir Azərbaycanın sabiq baş naziri və xarici işlər naziri, ictimai-siyasi xadim, ziyalı və filmin ideya müəllifi Həsən Həsənovun 85 illiyinə həsr olunub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxış edərək bildirib:

“Bu film Azərbaycan və Gürcüstan xalqlarını birləşdirir.  Ekran işində doğulub boya-başa çatdıqları Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycana olan sarsılmaz sevgisi, milli kimliyə və mənəvi dəyərlərə bağlılığı öz əksini tapıb”.

Səfirin sözlərinə görə, bu təqdimat iki xalq arasında mədəni və mənəvi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir:

“Vəli bəy Yadigarovun həyatı və fəaliyyətini yalnız Azərbaycan üçün deyil, bütövlükdə Qafqaz regionu üçün parlaq səhifə adlandırmaq olar. Bu cür filmlər xalqlarımız arasında dostluq və qarşılıqlı hörmətin bariz nümunəsidir.”

Filmin ideya müəllifi Həsən Həsənov çıxışında vurğulayıb ki, “Polkovnik” sənədli filminin ərsəyə gəlməsində əsas məqsəd Azərbaycan tarixində dərin iz qoymuş şəxsiyyətlərin xatirəsini yaşatmaq və gənc nəslə vətənpərvərlik ruhu aşılamaqdır:

“Bu film təkcə bir insanın taleyinə deyil, həm də müstəqil Azərbaycan dövlətçiliyinin formalaşma və inkişaf mərhələlərinə işıq salır. Vəli bəy Yadigarovun ömür yolu xalqımızın mübarizə, yenilənmə və yüksəliş tarixinin ayrılmaz hissəsidir.”

Bildirmək istəyirik ki, filmin çəkilişləri Azərbaycan, Gürcüstan və Polşada aparılıb. Ekran əsərində Vəli bəy Yadigarovun qəhrəmanlıq dolu həyatı, onun Azərbaycan hərb tarixində və Qafqazın hərbi-siyasi proseslərində oynadığı mühüm rol əks etdirilir.

 

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Pakistan və Əfqanıstan sərhədində silahlı toqquşmalar baş verib
Öncəki yazı
Fransanın baş naziri məlum oldu