Bu gün Tbilisidə, Xurcun restoranında Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Peyğəmbərimiz Həzrəti Məhəmmədin( s.ə.s) 1500 illik Mövlud Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə din nümayəndələri, Azərbaycanın və Türkiyənin Gürcüstandakı Səfirliyinin nümayəndələri, Gürcüstan Azərbaycanlıları Konqresinin nümayəndələri, ziyalılar və müxtəlif bölgələrdən gələn sakinlər iştirak ediblər.
Tədbirdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Etibar Eminov, Qərbi Gürcüstan müftisi Hacı Adəm Şantadze, Türkiyənin Gürcüstandakı Səfirliyinin Din müşaviri Mahmud Göl, Gürcüstanın Dini Agentliyinin Analitika Departamentinin rəhbəri Nino Çavçavadze və bir çoxları çıxış edərək bu mübarək günün əhəmiyyəti barədə danışıblar.
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev öz çıxışında bildirib:
Peyğəmbərimiz həyatı ilə bizə mərhəmətin nə olduğunu göstərdi, onu yurdundan çıxaranlara, ona əziyyət verənlərə qarşı bağışlanma dilədi. Daş-qalaq edilən zaman da əllərini göyə açaraq dua elədi. O intiqamın deyil, şəfqətin zirvəsidir. O, bizə təbiətə və bütün canlılara qarşı mərhəmətli olmağı öyrətdi. Biz başqalarına mərhəmət edəndə Rəhman Allah da bizə mərhəmət edər.
Qərbi Gürcüstan müftisi Hacı Adəm Şantadze isə öz çıxışında qadınların İslamdakı yerindən söz açıb.
Qadın hüqları İslama qədər mövcud deyildi, bu gün məclisdə xanımlar var, gəldiyiniz ümün təşəkkür edidəm. İslama qədər qadınlar bazarda satılırdılar. Cənnət anaların ayaqları altındadır. Qadınların qayğısına qalmalı və diqqət yetirməliyik. Bizim həyatımızın gözəlliyi onlardan ibarətdir.
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Etibar Eminov deyib:
Gürcüstan dövləti qədimdən bəri dini müxtəlifliyi ilə seçilir. Cümə Məscidi dünyada yeganə məscidlərdən biridir ki, hər iki məzhəbin nümayəndələri ibadətlərini edirlər və aralarında heç vaxt soyuqluq olmamışdır Buna görə mən dövlətimizə də təşəkkür edirəm. Biz Bütün Gürcüstan Müsəlmanları idaeəsi olaraq babalarımızdan gördükmərimizi gələcək nəslə ötürməkdə mühüm rol oynayırıq. Bu gün də bunun bariz nümunəsidir.
Məclis süfrə arxasında, ilahilərlə davam edib.
Xanımların mübarək Mövlud Günü münasibətilə düzəltdikləri 1500 ədəd təbii güldən ibarət “1500 Həzrəti Məhəmməd (s) ” yazısı isə məclisi bəzəyib.