Tbilisidə baş nazir İrakli Kobaxidzenin iştirakı ilə iftar süfrəsi təşkil olunub

93

Baş nazir İrakli Kobaxidze Ramazan ayı münasibətilə müsəlmanlarla Tbilisidə, iftar süfrəsi arxasında bir araya gəlib.

İftar  mərasimində din nümayəndələri, o cümlədən Gürcüstan müsəlmanları idarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Qərbi Gürcüstan müftisi Hacı Adam Şantadze, Şərqi Gürcüstan müftisi Hacı Etibar Eminov, qanunverici orqan və diplomatik korpusun nümayəndələri, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov və ziyalılar iştirak ediblər.

İftar mərasimində çıxış edən baş nazir Gürcüstanın tarixən birgə yaşayış və tolerantlıq mərkəzi olduğunu bildirib. O qeyd edib ki, Gürcüstanın dini müxtəlifliyi ölkəmizin ən mühüm sərvətlərindən biridir:

“Biz fəxr edirik ki, bizim həqiqətən nümunəvi birgə yaşayışımız var və biz birlikdə ümumi ölkəmizin gələcəyini yaradırıq. Gürcüstan hökuməti xüsusilə 2014-cü ildən sonra müsəlman icmasına maksimum dəstək verir və bu dəstək gələcəkdə də davam edəcək. Bizim ayrılmaz parçamız olan müsəlman icması ölkəmizin quruculuğuna böyük töhfə verir və qardaşlığımızın arxasında böyük bir tarix var. Gürcüstan unikal ölkədir ki, burada gürcü və azərbaycanlı, şiə və sünni müsəlmanlar eyni məsciddə ibadət edirlər. Bu dinc yanaşı yaşamaq, qardaşlıq ənənəsi bizim üçün çox əzizdir və biz bunu əməllərimizlə sübut edirik. Son 10 ildə 250-dən çox məscid daimi istifadə üçün müsəlman icmasına verilib və icmaya hökumətdən maliyyə dəstəyi olaraq 35 milyon lari ayrılıb. Əlbəttə, bütün bunlar Gürcüstan hökumətinin müsəlman icmasının ölkəmizin inkişafına göstərdiyi töhfəyə verilən böyük önəminin ifadəsidir”, – deyə baş nazir vurğulayıb.

Gürcüstan müsəlman icmasının şərəfinə təşkil olunan iftarda Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan müsəlmanları idarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Qərbi Gürcüstan müftisi Hacı Adam Şantadze, Şərqi Gürcüstan müftisi Hacı Etibar Eminov çıxış ediblər.

Kateqoriya: Cəmiyyət, Region
Sonrakı yazı
Danimarka Xarici İşlər Naziri: Biz ABŞ-ın Qrenlandiya ilə bağlı tonunu bəyənmirik
Öncəki yazı
Gürcüstanda zəlzələ baş verib