Tbilisidə tələbələrin mükafatlandırılması mərasimi keçirilib – FOTO

2

25 dekabr tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin və SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev” ili çərçivəsində Gürcüstan universitetlərində təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə tədbir təşkil edilib.

QafqazTürk.com xəbər verir ki, tədbir SOCAR-ın Tbilisidəki baş ofisində baş tutub.

Tədbirdə “1+4” proqramı üzrə Gürcüstanın ali təhsil müəssisələrində oxuyan və tədris ili ərzində orta balı 95 baldan yuxarı olan 7 nəfər tələbəyə 2000 lari, “1+4” layihəsi çərçivəsində SOCAR-ın Gürcüstan nümayəndəliyinin təqaüd proqramının həyata keçirilməsində könüllü qismində iştirak etmiş bir qrup fəal tələbəyə isə 1000 lari məbləğində mükafat təqdim edilib.

Bununla yanaşı, tələbə gənclərlə görüş zamanı “1+4” proqramı çərçivəsində SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin həyata keçirdiyi təqaüd layihəsinin nəticələri barədə məlumatlar təqdim edilib.

Qeyd edilib ki, 2008-2009-cu tədris ilindən başlayaraq SOCAR-ın Gürcüstan nümayəndəliyi tərəfindən bu ölkənin universitetlərində təhsil alan soydaşlarımızın təhsil haqları ödənilir.

Sözügedən proqram Gürcüstanın ən yaxşı 12 dövlət ali təhsil müəssisəsində oxuyan və yüksək bal toplamış tələbələri əhatə edir. Artıq hazıradək 6500 nəfərə qədər tələbə SOCAR-ın bu təqaüd proqramından yararlanmışdır. Bundan başqa, il ərzində təhsildə ən yaxşı nəticələr göstərən tələbələrə də SOCAR-ın Gürcüstandakı nümayəndəliyi tərəfindən əlavə maliyyə mükafatları verilir.

Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov çıxış edərək, gəncləri nailiyyətləri, qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik ediblər. Səfir F.Quliyev çıxışında Ulu Öndər Heydər Əliyevin daima Gürcüstanda yaşayan soydaşlarımızın müxtəlif sahələrdə problemlərinin həllinə, xüsusilə onların yüksək təhsil almalarına çalışdığını qeyd edərək, uzun müddət ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə SOCAR-ın Gürcüstan nümayəndəliyinin bu ölkənin universitetlərində təhsil alan yerli azərbaycanlıların təhsil haqlarının ödənilməsində dəstək olduğunu bildirib. F.Quliyev artıq növbəti illərdən sözügedən təqaüd proqramında dəyişikliklər edilərək, soydaşlarımızın magistr, fəlsəfə elmləri doktoru və daha yüksək elmi pillələrdə təhsil almalarının maliyyələşdirilməsi məsələsinin də nəzərdən keçirildiyini diqqətə çatdırıb. M.Məmmədov çıxışında Ümummilli Lider Heydər Əliyevin “hər bir xalqın səviyyəsi onun bilik səviyyəsi ilə müəyyən edilir” fikrindən sitat gətirməklə, təhsilin hər bir cəmiyyət, xalq üçün önəmini vurğulayıb, SOCAR-ın da bu irsə sadiq qalaraq gənc soydaşlarımızı həmin müqəddəs amal uğrunda fəaliyyətlərini dəstəklədiyini qeyd edib.

0
0
Kateqoriya: Təhsil
Sonrakı yazı
სენაკში მიუსაფრმა ძაღლმა ბავშვი დაკბინა
Öncəki yazı
მთავრობამ 130 მლნ დოლარზე მეტი საინვესტიციო ღირებულების ენერგეტიკული პროექტები დაამტკიცა