Tbilisidə Gürcüstan Azərbaycanlıları və şəhid ailələri ilə görüş keçirilib – FOTO

7

Azərbaycan dövləti bütün şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərir, onların problemləri araşdırılır və həll olunur. Gürcüstanda yaşayan soydaşlarımız və buradakı şəhid ailələri də bu qayğıdan kənarda qalmayıblar. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığına əsasən həmin ailələr hərtərəfli qayğı ilə əhatə olunurlar“.

QafqazTürk.com xəbər verir ki, bu barədə Tbilisidə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycanın Gürcüstandakı səfirliyinin birgə təşkilatçılığı ilə Gürcüstanın azərbaycanlı icması və şəhid ailələri ilə keçirilən görüşdə səslənib.

Tədbirdə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov və “QafqazTürk Media”nın redaktoru Hacı Xəlilov iştirak etdilər.

Tədbir əvvəlcə “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Səfir Faiq Quliyev Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq əlaqələrindən danışıb, Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə Gürcüstana rəsmi səfərindən sonra ikitərəfli münasibətlərin yeni müstəvidə daha da inkişaf etdiyini qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Diplomat Azərbaycan dövləti tərəfindən Gürcüstanda həyata keçirilən sosial layihələrdən danışıb, hər il Gürcüstanda 1800-ə yaxın tələbənin təhsil haqqının Azərbaycan dövləti tərəfindən ödənildiyini bildirib.

Onun sözlərinə görə, bütün bu işlər Gürcüstanda yaşayan azərbaycanlıların sosial rifahının yaxşılaşdırılması üçün həyata keçirilir.

F.Quliyev qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə Gürcüstan azərbaycanlıları bir yumruq kimi Azərbaycan dövlətinin ətrafında birləşdi. Gürcüstan azərbaycanlıları tərəfindən həmin dövrdə 150 min dollara yaxın vəsait Azərbaycanın Müdafiə Fonduna köçürülüb. Əlavə olaraq, humanitar yardım kimi Qaraçöp mahalından 660 baş iri və xırdabuynuzlu mal-qara Azərbaycana göndərilib. Həm Birinci, həm də İkinci Qarabağ müharibələrində əslən Gürcüstandan olan azərbaycanlılar misli görülməmiş qəhrəmanlıqlar göstəriblər. Gürcüstan əsilli şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə sənədli filmlər və kitablar hazırlanıb, xüsusi poçt markaları buraxılıb, peşəkar rəssamlar tərəfindən şəhidlərin portretləri çəkilərək ailələrə təqdim edilib, bulaqlar tikilib və xatirə lövhələri quraşdırılıb.

Diplomat Azərbaycanın Gürcüstanda islam dəyərlərinin yaşadılmasına töhfə verdiyini, zərərli ideologiyaların və təsirlərin qarşısının alınmasına dəstək verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu vaxtadək Heydər Əliyev Fondu tərəfindən Kvemo Kartlidəki məscidlər təmir-bərpa edilib, həmçinin məscidlər SOCAR tərəfindən qazla təmin edilib. Səfir azərbaycanlıların Gürcüstanın suverenliyinin qorunmasında da müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb.

DQİDK-nın sədri Mübariz Qurbanlı çıxışında iki ölkə arasındakı əlaqələrin inkişafında bir sıra qurumlar kimi, dini qurumların da rolunu xüsusi qeyd edib.

Onun sözlərinə görə, bəzi ekstremist qüvvələr dini icmalar və təriqətlər vasitəsilə iki ölkə arasındakı münasibətləri pozmağa çalışırlar. O, bunun qarşısını almaq üçün dini maarifləndirmə işlərinin artırılmasının vacibliyini qeyd edib.

Bildirib ki, hazırda azərbaycanlıların yaşadığı bölgələrdəki məscidlərdə fəaliyyət göstərəcək kadrların Gürcüstanda hazırlanmasını həyata keçirəcək kolleclərin yaradılması təklifi irəli sürülür və Azərbaycan tərəfi bu istiqamətdə öz dəstəyini verəcək.

Gürcüstanda azərbaycanlıların dini ibadətlərini yerinə yetirdikləri məscidlərdə məhz Gürcüstanda yaradılmış kolleclərdə təhsil almış imamların ibadətləri həyata keçirməsi nəzərdə tutulur. Hazırda burada ibadətləri həyata keçirən din xadimlərinin təhsillərinin yüksək səviyyəyə qaldırılması ilə əlaqədar biz də Azərbaycan İlahiyyat İnstitutu vasitəsilə işlər həyata keçirəcəyik.

Sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, müfti Salman Musayev, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və başqaları çıxış edib, iki ölkə arasındakı münasibətlərdən danışıblar.

Şəhid ailələri adından çıxış edən Xocalı soyqırımı şahidlərindən olan Gülnaz Çıldırlı göstərilən diqqət və qayğıya görə, Azərbaycan dövlətinə minnətdarlıq edib.

Qeyd edək ki, görüşün keçirildiyi binada Azərbaycanın Şuşada və Qarabağ bölgələrindəki tarixi və dini abidələrin fotolarından, eləcə də Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin din, tərəfdaşlıq, Gürcüstanda yaşayan azərbaycanlılar barədə tarixi fikirlərindən, kəlamlarından ibarət kitabların sərgisi təşkil olunub.

0
0
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
NATO Ukraynaya 2,4 milyard avro dəyərində sursat tədarük edəcək
Öncəki yazı
Qənirə Paşayeva dünyasını dəyişib