Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasının müəllim və şagirdləri noyabrın 9-da Gürcüstanın paytaxtı Tbilisidə maraqlı konsert proqramı ilə çıxış ediblər.
QafqazTürk.com xəbər verir ki,konsert “Zəfər Bayramı” layihəsi çərçivəsində Azərbaycanın Gürcüstandakı səfirliyinin və AZEBİ-nin dəstəyi və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə baş tutub.
Gimnaziyanın müəllimləri Firuzə İbadova, Məhəmməd Hacıyev (tar), Oktay Şərifov (kamança), Naibə Şahməmmədova (piano) eləcə də şagirdlər Azərbaycan milli rəqs və mahnılarını ifa ediblər. Sonra şagirdlər Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin əsərlərinin motivləri əsasında hazırladıqları tamaşalardan parçalar təqdim ediblər.
Şagirdlərin yaratdıqları M.F.Axundzadə, “Hətəmxan ağa”, “Lənkəran xanın vəziri”, “Hacıqara”, “Molla İbrahimxəlil Kimyagər” v.s. obrazlar maraqla qarşılanıb.
Qeyd edək ki, layihənin rəhbəri Hülya Qasımova, tamaşaların rejissoru Hicran Sadıqzadə, səs rejissoru Ülviyyə Vəlizadədir.