Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinin təşəbbüsü ilə Tbilisi şəhərində 28 May – Müstəqillik Günü münasibətilə rəsmi tədbir təşkil olunub.
QafqazTürk Media xəbər verir ki, mərasimdə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, millət vəkilləri, elmi və ictimai dairələrin nümayəndələri, dini liderlər, Gürcüstanda akkreditasiyadan keçmiş diplomatik missiyaların təmsilçiləri, həmçinin yerli azərbaycanlı icmasının üzvləri iştirak ediblər.
Tədbirin baş tutduğu mehmanxananın foyesi və zalı Azərbaycan bayraqları, milli simvollar və xalçaçılıq sənətinin nümunələri ilə bəzədilib.
Əlamətdar mərasim Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan olunub. Ardınca Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək bildirib ki, bu il Azərbaycan və Gürcüstan üçün, eyni zamanda region üçün strateji baxımdan mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, 1918-ci ilin 26 mayında Gürcüstan, 28 mayında isə Azərbaycan dövlət müstəqilliyini elan edib və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına dair İstiqlal Bəyannaməsi qəbul edilib.
Diplomat çıxışında Gürcüstan-Azərbaycan münasibətlərinə də toxunaraq qeyd edib ki, Azərbaycanın reallaşdırdığı genişmiqyaslı inkişaf konsepsiyasında Gürcüstanla əlaqələr xüsusi yer tutur. İki dövlət arasında möhkəm strateji əməkdaşlığın təməli 1996-cı ildə ümummilli lider Heydər Əliyevin Tbilisiyə etdiyi əlamətdar səfər zamanı qoyulub. Həmin səfər çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin əsas istiqamətlərini müəyyənləşdirib və bu əməkdaşlığın nəticəsində regionda bir sıra iri miqyaslı layihələr reallaşdırılıb. Bu proses nəticəsində Cənubi Qafqazın geosiyasi və iqtisadi xəritəsində Azərbaycanın mühüm mövqeyi formalaşıb.
Faiq Quliyev həmçinin vurğulayıb ki, 2020-ci ildə xalqla dövlətin həmrəyliyi, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və Ali Baş Komandan Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə otuz illik münaqişəyə son qoydu və tarixi ədalət bərpa edildi.
Parlament sədri Şalva Papuaşvili də çıxış edərək Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. O, Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib və parlamentlərarası əlaqələrin bu münasibətlərin möhkəmlənməsində əhəmiyyətli rol oynadığını vurğulayıb.
Tədbir çərçivəsində Azərbaycan istehsalı olan məhsulların nümayiş etdirildiyi xüsusi stend, eləcə də ölkəmizin tarixi və gözəl təbiətini əks etdirən rəsm əsərləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.