Təbrik edirik, dəyərli Elmira Mahalqızı!

173

Təbrik edirik, dəyərli Elmira Mahalqızı!

Şeir, sənət həmişə zəhmətlə yaranır. Qadın sənətkarın zəhməti isə ikiqat sayılır: çünki eyni zamanda ana və şair olmaq lazımdır!

Ədəbiyyat tariximizdə özünə yer tutmuş qadın sənətkarların hamısının adını çəkmək burada imkan xaricindəddir: Ağabəyim ağa, Güllər Pərisi, Heyran xanım, Aşıq Pəri, Narınc Xatın, Səadət Buta, Həqiqət Qaraliyeva və başqaları…

Bu gün Gürcüstan Azərbaycanlıları Konqresində qadın şairələrimiz arasında öz dəyərli yerini tutmuş Qaş Muğanlı (Böyük Muğanlı) elinin istedadlı övladı Elmira Mahalqızının yubiley tədbiri – 60 illiyi keçirilib.

Tədbiri giriş sözü ilə açıq elan edən GAK sədri Hüseyn Yusubov tədbir iştirakçılarını salamlayaraq, dəvəti qəbul edib gəldikləri üçün onlara təşəkkür edib. Sonra Hüseyn müəllimin təklifi ilə bu günlərdə dünyasını dəyişmiş görkəmli Azərbaycan yazıçısı və dramaturqu, Xalq yazıçısı Elçinin (Elçin Əfəndiyev) xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

…Elmira xanımın ədəbi yaradıcılığında Vətən sevgisi, Vətən torpağı, doğma yurd-yuva məvzusunun ana xətt olaraq keçdiyini vurğulayan Hüseyn müəllim məruzə üçün sözü Hümbət müəllimə verib.

Elmira Mahalqızının həyat və yaradıcılığı ilə bağlı tanınmış ziyalı, Qullar ictimai məktəbinin direktoru Hümbət Hüseynov maraqlı məruzə edib.

Elmira xanımın əsərlərindən seçilmiş misralar səsləndirən Hümbət müəllim ümid etdiyini də bildirib ki, Elmira xanımın bu yubiley tədbiri şeir həvəskarı olan gənc qızlarda ədəbi yaradıcılıq həvəsini də gücləndirəcəkdir!

Bu uzaq səfərin sonu bitməyib,

Bu yol ayağımı hec incitməyib,

Bu yasıl budaqda bülbül ötməyib,

Hələ yetisməyib murada əlim,

Qaytar ümidimi yanına gəlim.

(“Bu uzaq səfərin sonu bitməyib”).

 

Mahalqızı eşqi alınmaz qala,

Səfəri uzaqdı yollardan yola,

Ruh da qanad verir bu istiqbala,

Öləndə kəfəndi vətən torpağı!

(“Vətən torpağı”).

Yubiley tədbirində Azərbaycan Yazıçılar Birliyinin Fəxri üzvü, folklorşünas-tədqiqatçı, yazıçı Əli Abbas, şair İlyas Əfəndi, GAK-ın Ural bölgəsi üzrə təmsilçisi, şair Aslan Gorarxılı, Qafqaz Türk Media portalının redaktoru, şair İbrahimxəlil Məhəmmədəlioğlu, Aşıq Hüseyn Saraclı irsinin tədqiqatçısı Rəşad Əliyev Saraclı öz çıxışlarında Elmira Mahalqızı yaradıcılığının ayrı-ayrı qatlarına toxunaraq, Elmira xanıma cansağlığı, yeni yaradıcılıq uğurları diləmişlər.

Çıxış edənlər, eləcə də tədbirin təşkilatçısı Gürcüstan Azərbaycanlıları Konqresinə – başda sədr Hüseyn Yusubov olmaqla – və Qafqaz Türk Media ailəsinə minnətdarlıqlarını bildirmişlər.

Elmira Mahalqızı 60 illiyi münasibətilə GAK-ın xüsusi Fəxri Fərmanı ilə təltif edilmişdir.

Tədbirin sonunda Elmira xanım tədbir təçkilatçılarına və iştirakçılarına gözəl qəbul üçün təşəkkürünü bildirmiş və yeni şeirlərini oxumuşdur.

Məclis çay süfrəsi ilə başa çatmışdır.

Sonrakı yazı
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Öncəki yazı
“Gürcü Arzusu” partiyası Tbilisi üzrə majoritar namizədləri təqdim edib