Gürcüstanda sürücülük vəsiqəsi almaq üçün müəyyən icazələr verilməzdən əvvəl müvafiq elektron bazada şəxsin sağlamlıq vəziyyəti yoxlanılacaq.
QafqazTürk Media xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış və Parlamentin müzakirəsinə təqdim edilmiş qanunvericilik paketində nəzərdə tutulub.
Dəyişikliklər paketində psixi sağlamlıq problemləri, alkoqolizm, narkomaniya və ya toksikomaniya diaqnozu qoyulmuş şəxslərin məlumatlarının qeydiyyata alınacağı vahid informasiya bazasının yaradılmasından da bəhs edilir.
Məlum olduğu kimi, sürücülük hüququ əldə etmək üçün sağlamlıq haqqında arayış tələb olunur. Lakin qanun layihəsinin müəlliflərinin fikrincə, mexanizmləri, bu kifayət deyil.
Mümkündür ki, sağlamlıq haqqında arayışda təqdim olunan məlumat tam dəqiq olmasın. Təklif olunan dəyişikliyə əsasən isə sağlamlıq vəziyyəti qanunla müəyyən edilmiş tələblərə uyğun gəlməyən şəxslərin nəqliyyat vasitəsi idarə etmə imkanlarını məhdudlaşdıracaq.
Bildirilir ki, əgər bir şəxs artıq sürücülük vəsiqəsi alıbsa və sonradan bu bazaya daxil edilərsə, onun icazəsi dayandırılacaq. Dəyişikliyə əsasən, şəxsin sağlamlıq tələblərinə uyğun olub-olmadığının müəyyən edilməsi sürücülük hüququnun bərpası, sürücülük vəsiqəsinin dəyişdirilməsi və ya yenidən alınması zamanı da məcburi olacaq.
Daxili İşlər nazirinin müavini qanun layihəsini təqdim edərkən bildirib ki, bu bazanın idarə olunmasını Səhiyyə Nazirliyi həyata keçirəcək, Daxili İşlər Nazirliyi isə yalnız konkret məqsədlər üçün bu bazaya çıxış əldə edəcək.
Qeyd edək ki, Səhiyyə Komitəsi təqdim olunan təşəbbüsü artıq dəstəkləyib. Növbəti mərhələdə parlament üç oxunuşda layihəni təstiq etməlidir.




