İyun ayından etibarən yollarda avtomobillərdə atmosferə atılan zərərli maddələrin (qaz və tüstünün) tərkibinə xüsusi qurğularla nəzarət ediləcək.
Sözügedən qayda birinci mərhələdə Tbilisi, Kutaisi, Batumi və Rustavidə tətbiq olunacaq.İlk qayda pozuntusu zamanı sürücüyə 100 lari cərimə tətbiq ediləcək.
Qayda pozuntusu təkrar olunduğu halda isə cərimənin miqdarı 300 lari olacaq.Bundan əlavə, yolda hərəkət edən və görünən egzoz tullantıları olmayan avtomobillər də yoxlanışdan keçəcək.
Patrul-polis ekipajının istənilən növ avtomobili dayandırmaq hüququ olacaq.Konkret avtonəqliyyat vasitəsi üçün yerində zərərli maddələrin normadan artıq olması aşkar edildiyi zaman nəqliyyat vasitəsinin sahibi nəticələrlə razılaşmadıqda, o, nəqliyyat vasitəsinin ən yaxın texniki baxış məntəqəsinə aparılmasını tələb etmək hüququna malik olacaq. Texniki baxış mərkəzində avtomobil yeni texniki baxışdan keçməlidir. Təqdim edilən nəticələr təsdiqlənərsə, hazırlanmış protokol qüvvədə qalacaq. Təsdiq edilmədikdə və ya fərqli nəticə qeydə alındığı təqdirdə isə cəza ləğv ediləcək. Bu halda avtonəqliyyat vasitəsinin sahibindən texniki baxış haqqının ödənilməsi tələb olunmayacaq.
Əlavə olaraq bildirilib ki, pilot rejim başa çatdıqdan sonra, avtomobillərin yoxlanılması daha çox şəhər və bələdiyyələrdə də baş tutacaq.