“France-Presse” xəbər agentliyi Suriyanın Müharibə Monitoruna istinadən xəbər verir ki, Suriya təhlükəsizlik qüvvələri 300-dən çox mülki Ələvini öldürüb.
“France-Presse”-in məlumatına görə, Suriya təhlükəsizlik qüvvələri və onların müttəfiqləri cümə axşamı Suriyanın keçmiş prezidenti Bəşər Əsədə sadiq döyüşçülərlə qarşıdurmanın başlamasından sonra 311 mülki Ələvini öldürüblər. Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, qarşıdurma nəticəsində ölənlərin sayı 524 nəfərə çatıb, bunlara təhlükəsizlik qüvvələrinin üzvü və Bəşər Əsədi dəstəkləyən döyüşçülər də daxildir.
Qarşıdurma başlayandan sonra Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara bildirib ki, Bəşər Əsəd tərəfdarları “yeni Suriyanı sınaqdan keçirmək istəyirlər”.
“Suriya birdir. Bir vilayət zərər görsə, bütün digər vilayətlər onu qoruyacaq. Hökumətlə xalq arasında artıq parçalanma yoxdur, Suriya hamınındır və xalqa hücum edənlər ədalət qarşısında cavab verəcəklər”, – Əl-Şara deyib.