Sudan hökuməti BMT-nin ölkədəki xüsusi nümayəndəsini “arzuolunmaz şəxs” (“persona non-qrata”) elan edib.
QafqazTürk xəbər verir ki, bu barədə Sudan Xarici İşlər Nazirliyi bəyanat yayıb
Bəyanatda deyilir ki, Sudan hökuməti BMT Baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi və BMT-nin Sudandakı Keçid Dəstəyi Missiyasının rəhbəri Volker Pertezin ölkəyə girişinin qadağan olunduğunu elan edib.
Həmçinin əlavə olunub ki, Sudan hökuməti bu barədə BMT-nin Baş katibinə xəbərdarlıq edib.
Qeyd edək ki, bu addım Sudanın hərbi komandanı, general Əbdül-Fəttah Burhanın ölkədə bu ilin əvvəlində baş vermiş münaqişədə Volker Pertezin əli olması barədə ittiham irəli sürməsindən iki həftə sonra atılıb.
Komandan BMT-nin Sudandakı nümayəndəsinin dəyişdirilməsi tələbi ilə Təşkilata müraciət edib.
Xatırladaq ki, Sudanda silahlı qarşıdurmalar bu ilin aprelində başlayıb, son həftələr ərzində ara-sıra atəşkəs sazişi bağlanır, lakin tez-tez döyüş əməliyyatlarının davam etməsi barədə məlumatlar yayılır.