Bu gün 4 çərşənbədən birincisi, Su çərşənbəsidir. Xalq arasında bu çərşənbəni “Sular novruzu”, “Əzəl Çərşənbə” də adlandırırlar. Məhz bu çərşənbədə su hövzələrində təmizləmə işləri aparılır, su mənbələri, quyular təmizlənir. Günəş çıxmazdan əvvəl bütün insanlar su olan ərazilərə, sahillərə və ya quyulara gedirlər.
Adətə görə, su yaxınlığına gedən şəxslər əvvəlcə əl-üzünü yuyur, sonra suyun üstündən tullanır, yaralılar yaralarına su vururlar. İnsanlar bir-birinə su səpir və belə düşünülür ki, bu gün səpilən su, il boyu insanın həyatını su kimi aydın edəcək. Eyni zamanda həmin gün sudan keçənlərin il boyu xəstəliyə yoluxmayacağına inanılır.
Su çərşənbəsinin özünə məxsus inancları var. Adət-ənənəyə görə, su çərşənbəsində su oyandığı üçün mütləq həyət-bacaya su səpmək lazımdır. Su çərşənbəsində sudan bolluca istifadə etmək lazımdır.
Su çərşənbəmiz mübarək, əziz dostlar!
Bahar elimizə sülh, cansağlığı və xoş günlər gətirsin. Yolumuz su kimi axar, ruzimiz bol olsun. Bahar kimi çiçək açsın arzularımız!