İlkin araşdırma təsdiq edir ki, “Azərbaycan Hava Yolları” təyyarəsinin qəzaya uğramasına Rusiyanın “yer-hava” raketi səbəb olub.
Azərbaycan mətbuatının verdiyi məlumata görə, bunu Azərbaycan hökumətindəki mənbələr eksklüziv olaraq təsdiqləyib.
Əldə olan məlumata görə, raket Qroznı üzərində pilotsuz uçan aparatın hava fəaliyyəti zamanı buraxılıb və dağıntılar təyyarəyə düşüb.
Hökumət mənbələri bildiriblər ki, zədələnmiş təyyarə pilotların tələbinə baxmayaraq, Rusiyanın heç bir hava limanına buraxılmayıb və ona Xəzər dənizində Qazaxıstanın Aktau şəhərinə uçmaq əmri verilib. Təyyarə Aktauda məcburi eniş etmək istəyərkən qəzaya uğrayıb.
Xatırladaq ki, Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub. Bakı-Qroznı reysini həyata keçirən təyyarənin göyərtəsində 5 ekipaj üzvü və 62 sərnişin də daxil olmaqla 67 nəfər olub.